Alatoran_header  
Əsərlər > Adil Şirin > Şəhid gecəyə üç ağı

20 yanvar, şənbə


1.
Qara bayraqdı göy üzü,
Qar üstündə qan izi…

Qaranlığı tapdalayır
Qanlı yalın ayaqlar,
Ölüm çiçəyi açır
Cadar-cadar torpaqlar…

Tank tırtılı altında
İnləyir igid gecə,
Çiyin-çiyinə verdik
Ölümdən keçə-keçə…

Qara bayraqdı göy üzü,
Qar üstündə qan izi…

Çiyin-çiyinə yeridik
Ay-ulduzlu bayraqların altında.
Eyni tale yazılmışdı
Hamımızın alnında.

2.
Uçmaq üçün doğulmuşdu,
Bir qanadlı quş olmudu.
Qırıldı qolu-qanadı,
Dilində sözü qanadı.

Allah, kimindi bu uşaq? -
Qançır-qançırı dil-dodaq…
Qucaqlayıb nəm torpağı,
Gözləri elə bil oyaq…

Sinəsini deşib süngü,
Açılan lalədir sanki.
Göy üzü qürbətdi na
Ruhu canından sürgün.

On dörd, on beş yaşı olar,
Gözümdə göz yaşı olar,
İnnən sonra bu dünyada
Mələklərə qardaş olar…

3.
Dağ başında günəş doğur,
Günəş doğur qan-qırmzı.
Anna Vətən, Ana Vətən,
Özün sarı yaramızı.

Al qanımız halal olsun
Bu yurdun hər qarışına -
Şəhidlərimiz qaldırıb
Günəş dağın başına.

Yaramızı sarıyanda
Bir gün anamız Vətən,
Onda sənin yarandan
Öpəcəm qardaşım, mən…