Alatoran_header  
Əsərlər > Adil Şirin > Tanımadığımız insan

O, son tikəsini
düşmənlə belə bölməyə hazır
və dost ölümüynən
ölməyə hazır
çiçək ləçəyinə
gül yarpağına
şeh damlalarıyla şerlər yazır.

Arzuları
ümidləri
son dənizdə
doqquzuncu dalğada çırpınan
bir talesiz gəmiydi
qırx ildi dünyanın dörd fəsli
ona
dörd qara qış kimiydi.

Tanrı
üz döndərmişdi ondan
unutmuşdu
hardan gəlib hara getdiyini
qara sevda tutmuşdu gözünü
könüllücə
çarmıxa çəkmişdi özünü.

Hardan gəlib hara getdiyini
xatırlasaydı
elə o an
o saat
çəkilərdi göy üzünə
ağrısız
rahat.

Sarılmışdı
qaranlığın boynuna
yaşayırdı
qaranlıqla qol-boyun
bir cüt mərcan balığı tək
çırpınırdı gözləri.

İşarırdı
yanağında bir cüt göz yaşı –
o bir cüt göz yaşıyla
çıxırdı
canından ayrılığın yanğısı…