Alatoran_header  
Əsərlər > Adil Şirin > Qış tənhalığı

Yöndəmsiz bir ömür yaşayıram
bu qış günləri
bir tərəfdə
haçansa oxunmuş kitablar
bir tərəfdəsə
yuyulmamış qab-qacaq
bir də
sənin bəyaz xəyalın.
Qaz sobasından düşən
solğun işıqda
işıqlanır tənha otaq
əriyib tökülür
mənim tənha ömrümə
dünəndən yağan
yumşaq qar damlaları.
Sənin
bəyaz xəyalın
gülümsədikcə
ürəyim sıxılır qış axşamları.
Divar boyu süzüldükcə
axdıqca
damda əriyən qar
xəyalın
qaranlıqdan gözlərimə baxdıqca
uçub tökülür tavan.
Qopub tökülür üstümə
yozulmamış yuxularım
puç olmuş arzularım
boşuna umudlarım…