Alatoran_header  
Əli Əkbər > Yeni nəslin manifesti

Əziz və qiymətli Azərbaycan gənci!
Məğrur soydaşım!
Qloballaşan dünyamız girərkən 21-ci əsrə,
Azərbaycanımızın da bu yeni şəraitə
adaptasiya prosesində
müəyyən problemlərlə üzləşməsi labüddür.
Bu vətənə layiqiylə xidmət etmək,
bu müqəddəs torpağı qoruyub
gələcək nəslimizə daha gözəl,
daha azad Azərbaycanı ötürmək üçün
müasir dövrün manifestini əzbərləməli,
günün 24 saatını hafizəndə saxlamalı
və maddə ba maddə həyatında tətbiq etməlisən.

***
Azərbaycan gənci!
Həyat yollarında ilk addımlarını atmağa başlamazdan əvvəl,
ruhunu sat!
Dərhal sat və xilas ol bu illətdən!
Və yaddan çıxar ruhunu satdığın o anı.
Və unudma ki satdığını çox böyük əziyyətlə
geri alabilərsən.
Ruhuna yenidən ehtiyac duysan,
onu səndən satın alanlar bu istəyini
hər kəsdən tez sezərlər
Üçə satdığını heç üç yüzə də geri verməzlər.
Ruhun elə qiymətə minər ki mat qalarsan.
Yaxşısı budur ondan bir yolluq üz əlini.
Çünkü geri almaq istəsən,
ruhunun müqabilində sənə verilən nüfuzu,
malı
və pulu
tutub alacaqlar əlindən.
Xülasə arxada qalmasın gözün
Sat ruhunu və xilas ol bu illətdən!

***
İndi də növbə gəldi vicdana.
Vicdan - başqlarının görmədiyini görən bir cüt göz.
O məlun gözləri kor etməlisən!
Sadiq it kimi
Sənə məzlum məzlum baxan gözləri deşməlisən!
Vicdanını ruhun kimi asan sata biləcəyinə inanırsan?
Böyük qəflət içindəsən!
tez bazar satıla bilər ruh,
vicdanı isə bir tula balasını boğan kimi
yavaş yavaş boğmalısan.

***
Allahı unudmaq,
onu həyatından silib atmaq
bugünün tələbi,
çağdaş zəmanənin ehtiyacıdır.
Səni bir cüt gözün daima təqib etdiyinə,
izlədiyinə,
hər etdiyini gördüyünə
və o dünyada səni cəzalandıracağına
daxilində inanır, etiqad edirsənsə,
dərhal ged bir mədrəsəyə yazıl,
baş vaxt namaza əlli beş vaxt da əlavə edib qıl,
hər gün oruc tut.
Çünkü başdan ayağa günahdır həyat!
Yox əgər Allahı qəlbindən söküb atsan,
həyat yollarının üzərində heç bir maneən qalmaz.
Əlbəttə qanunları "iqnore" etmək
Allahı yaddan çıxarmaq qədər asan deyil
Amma bu da mümkündür.
Beynini işlədsən,
Bunun da üsulunu tapa bilərsən.

***
Hər vəchlə və ciddi cəhdlə pul qazanmağa,
milyonçu olmağa can at.
Bu sənin həyatının ən ali məqsədinə çevrilməlidir.
Zənn etmə ki ancaq puluna
və nüfuzuna paxıllıq ediləcəkdir.
Varlı insanın puluna göz tikilən
şəxsiyyətinə isə bir qəpik dəyər verilməyən zəmanə
geridə qaldı.
Əvvəllər bir insan
güya öz halal zəhməti ilə
milyoner olduğunu iddia etsəydi,
şəxsiyyəti tüpürlməyə belə layiq bilinməzdi.
İndiki dövrdə isə
qibtə edilən zad ancaq sənin pulun deyil,
"uğurlu biznesmen" kimi şəxsiyyətinə də pərəstiş edilir.
Artıq sənsən
Yeni nəslin nümunəvi şəxsiyyəti!

***
Əziz dostum! Azərbaycan gənci!
Unudma ki ən böyük hiylə düzlükdür.
Odur ki yalançı və ikiüzlü olmalısan.
Buna nail olandan sonra
Yeni bir mərhələyə qədəm qoymalısan
Yəni ki dürüst və təmiz insan olduğuna dair
Ətrafını inandırmalısan.
Ancaq əvvəla özün buna inanmalısan
Öz rolunu yaşamalısan, rol oynamamalısan!
Eşidirsən?
Rolunu oynamamalısan, rolunu yaşamalısan!
Əgər bunu da bacarabilsən,
Deməli saxtalığın maestrosu,
virtuozu olmusan!
Əhsən sənə!
Bil ki gələcəkdə usta yalançıları,
əsl simalarını unudma perspektivi də gözləyir.
Özünə,
mənliyinə yad olacaqsan dostum,
bundan da gözəl meditasiya ola bilərmi?
Yalan danışmaqdan qorxma qardaşım,
Yalanına inanmamaqdan qorx.
Nə?!
Ehtiyat edirsən yalan danışmaqdan?
Səfeh olma!
Uzaq başı yalan danışdığını anlayacaqlar.
Bundan da qorxma!
Bilə bilə danış yalanını.
Nəticədə
Qızıl qırmızı üzə durmaq nə imiş
Onu da əxz edəcəksən.
Həqiqət yalanı qova bilər.
Ancaq əsla çata bilməz ona.
Dəqiq olmaq,
vədinə sadiq qalmaq
sənə pul, şöhrət, imidj, tamaşaçı qazandıracaqsa əgər,
onda sözündə əlbəttə ki durmalısan.
Qaz gələn yerdən, toyuq əsirgənməz
Bilirsən…

***
Qardaşım!
rüşvət ağacı elə kök salıb ki bu ölkədə
Yarpaqları əsrlər keçsə də qurumayacaq.
Əgər istəyirsən olasan
Kompramatlardan uzaq
Əvvəla öyrən onu verməyin
Və almağın əndazəsini.
İnsan haqlarına hörmət edən dövlətimiz
çox güclü,
qüdrətli,
demokratik,
liberal,
unitar,
sanitar bir dövlətdir.
Və bu ümumbəşəri dəyərlərin permanentliyi üçün.
Rüşvət vermək zəruridir, gərəkdir.
Bəzi axmaqlar deyir ki
rüşvəti bu ölkəyə Heydər Əliyev gitirdi
Bədbəxtlər bilməyir ki
Heyvandarlıq və fahişəlik qədər qədimdir
rüşvətxorluq peşəsi.
Hətta deyərdim ki
Rüşvət kişinin qəhbəliyidir.
Bir qəhbənin bizdən nə fərqi var ki?
Onsuzda hər birimiz
bədənimizin bir hissəsini sataraq dolanmırıqmı?
Sən əllərinə,
mən beynimə,
o birisi başqa yerinə qiymət qoymayıbmı?
Kaş elə hamımız qəhbə kimi
bədənimizin ən qiymətsiz üzvünü sataraq
pul qazanabilsəydik.
Əmin ol əziz dostum,
fahişəlik
ruhunu və düşüncələrini satmaqdan
qat qat şərəflidir.
Yəni əsl fahişə artıq sənsən,
bədənini satan qadın yox.

***
Gənc Azərbaycanlı!
Hər şeydən şübhələn və hər şeydən qorx!
Qorxmaqdan qorxmaq ən böyük rəzillikdir.
Qorx!
Çünkü qorxan qorxmaz
Qorxan insan tədbirlidir.

***
Unudma ki,
postmodern həyat fəlsəfəmiz bizə
heç kəsi əxlaqsızlıqda ittiham etməməyi diqtə edir.
Hər kəs özünə görə cavabdehdir.
Bir insan xoşbəxtliyin reseptini tapdığına inanırsa,
nə gözəl!
Axı elə düzgünlük də,
Yaxşılıq da
Təmizlik də
insandan insana dəyişir, nisbidir.
İctimai həyatın tələbi,
insanların birbirlərinə təhəmmül etməsi,
dözümlü olmasıdır.
Sözüm odur ki,
Azərbaycanımız imkanlar ölkəsidir.
Zəiflərin çiyinlərinə basaraq
yüksəlmə imkanını hər bir vətəndaşına tanıyır
bu ölkənin "light" qanunları.
Bu münbit şəraitin olduğu məmləkətdə
sən hələ də semyorka BMV alabilməmisənsə,
kül sənin başına!

***
Dostluq!
Nə dostluğu? Səfeh olma!
Bir insan sənə sırf sən olduğuna görə,
bütün zəifliklərinə,
sarsaqlıqlarına
və çuşkalığına baxmayaraq dəyər verirsə;
səni maşınına,
arvadının xəyanətə meylli olduğuna
və hər gecə verdiyin ziyafətlərə görə yox,
üstün (!) insani keyfiyyətlərə malik olduğuna görə
sevirsə,
deməli sən - əsl Azərbaycanlı deyilsən!
Ola da bilməzsən!
Oportunist, merkantil Azərbaycanlının
dosta ehtiyacı yoxdur.
Hətta bu çox təhlükəli yoldur.
Erix Mariya Remarkvari pozisyonlara yox de!
Yanından uzaq tut dost adlanan,
psixiatrlıq iddiasında olan bu parazitləri!
Ey Azərbaycanlım!
Dost yox, düşmən qazanmalısan.
Çünkü dostlar saxta və süni,
düşmənlər isə gerçəkdir.

***
Tağıyev, Nağıyev, Muxtarov nağıllarına aldanıb
birdən ürəyindən kasıblara əl tutmaq keçər.
Nə badə belə səhvə yol verəsən!
Çünkü xeyriyyəçilik etsən də səndən nifrət ediləcəkdir.
Bu təbii bir haldır.
Həm varlı,
həm güclü,
həm də yaxşı insan olmaq bir xəyaldır.
Kasıblar və imkansızlar
minillik təcrübələrinə əsaslanaraq
Özləri üçün yəqinləşdiriblər bu həqiqəti.
Bu fakt sənin qanını qaraldmasın.
Onsuzda yaxşı insan olmaq kimi missiyan yoxdur
Yadda saxla!
Bu ölkədə heç kəs acından ölmür
Hər kəsin qarnı toxdur.
Onsuzda görəcəksən ki
Əl tutduğun kasıbların təşəkkürü,
səxavətin qədər saxtadır.
Çünkü təmənnasız kömək edənə qarşı,
Kasıbda hədsiz nifrət başqaldırır.

***
İmkanlı insanların qəlbində
başqalarına hökmetmə,
insanların üzərində hegemonluq qurma həvəsi yatır.
Bu ehtirasını boğmağa,
yox etməyə çalışma gənc dostum!
Odur ki,
Əsla siyasətə girməyəcəyəm demə.
Pulun və malın "cırmağa" başlayanda,
"gedim görüm bu siyasət nəmənəm şeydir" deyəcəksən.
Ən azından deyə bilərsən.
Ehtimal var.
Dünyada neçə dil danışılır deyə bilmərəm,
amma bir şeyi dəqiq bilirəm
milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin,
başa düşdüyü yeganə dil var - QAPAZ!
Ancaq!
Siyasi kariyeranda,
Humanizm maskasını hərdən bir taxmalısan ki
xoş ənənə davam etsin bu ölkədə.
Məsələn vəzifəyə gələndən sonra
bir dəfə də olsa baş çək qaçqın şəhərciyinə.
Amma unudma ki,
sən bu dünyaya insanlara yardım üçün gəlməmisən.
(Allahın vəzifəsini çiyinlərinə yükləmə
Daşıyabilməzsən!)
Qaçqın şəhərciyində "sizi deyib gəlmişəm.
Sizin üçün buradayam!
Sizin üçün çalışıram!" kimi nitqlər söyləyib,
bu ölkənin bir yandan anasını ağladan,
bir yandan da "vətən, millət" şüarları səsləndirənlərdən
biri də sən olsan ölməzsən.
Əsrlərdir qücə və iqtidara malik insanların
danışdıqları bu məşhur yalanı
sən də təkrarlamalısan.
Qətiyyən utanma
Ən tanınmış diktatorlar da,
"xalqın yanında olduqları
və xalqa arxalandıqları" yalanını danışmağı
özlərinə borc biliblər.
Onu da yadda saxla ki,
Postmodern iqtidarlar
günahlarını və səhvlərini boyunlarına almaqdan qorxmazlar.
Çıxıb xalqın qarşısına
"filan qəbahətimizə görə üzr istəyirik" deyərlər
və bir saniyə sonra dediklərini unudub,
eyni poxu yeyərlər.
Başını sal aşağı işini gör.
Siyasətə girsən də iqtidaryönümlü pozisyonlarda dur.
"Fikir azadlığı" nağılına aldanıb
gic gic danışma.
Meyyidini blokun qabağında taparlar yoxsa
Tozunu elə sovurarlar küləyə,
zərbənin haradan gəldiyini anlamazsan
Odur ki çaşma.
Üçüncü dünya ölkələrinin müştərək özəlliyidir bu
Nadan və cahillər fikir yürüdər,
Dövləti despotlar idarə edər.
Sən də bu despotlardan biri olmaq isəyirsənsə yala!
Yalamağı öyrənməsən əziz qardaşım
Arzuladığın mövqeyə də çatabilməzsən!

***
Əxlaq mənfur islam dininin uydurmasıdır
Necə ki Allahı unudmusan,
Əxlaq qandallarını da eləcə qır.
Prinsiplərini prezervativ, ya da corab kimi
Tez tez dəyişdir.
Burada qorxulu heç zad yoxdur.
Tərbiyəli və nəzakətli ol.
Oğraşlığın modası 20-ci əsrdə qaldı.
Müasir dövran
səmimiyyət maskalarına üstünlük verir.
Yadında saxla ki nəzakət və gülər üzlə
Quyu qazımaq imkanların daha genişdir.
Tərbiyəli və əxlaqlı kimi görünən bir insanla
savaşmaq çox çətindir.
Xülasə
Nəzakət və tərbiyə, pislik eləməyə,
isnanların taleyini sındırmağa, mane deyildir.

***
Müasir Azərbaycanlı
çuşkarizminə artıq son verməlidir!
Belə olmaz!
İntellektual fason olmaq əsrimizin tələbidir.
On il əvvəl belə bir zərurət yox idi.
Beşə alıb ona satırdın,
ona buna atırdın,
dolanırdın,
dolındırırdın.
İndi bunları eləmə demirəm.
Yenə də qəsb elə,
rüşvət ver-al, oğurla,
beşə alıb əlli beşə sat.
Lap elə ananı da, bacını da sat,
amma lütfən biraz savadlı kimi görsən.
Küçəyə çıxmaq olmur müxbirlərin əlindən.
İki dəqiqədən bir mikrofonu soxurlar adamın ağzına
"filan zad haqqında nə düşünürsünüz?" deyə.
Sən də gərək ki susmayasan.
Qoyun olmayasan.
Ağıllı bir sifət elə,
kameraya gülümsə (sırtıq kimi yox)
başla danışmağa.
Bir neçə şablon cümlə əzbərlə heç olmasa.

***
Ey qardaşım, Azərbaycanlım!
Vətənini və millətini sevmirsənsə
bu sənin demokratik haqqındır.
Heç sevmək üçün zorlama özünü.
Bu hissinlə barışmalısan,
Onda daha rahat olarsan.
Ancaq yaddan çıxarma ki
küçədə.
bayırda,
işdə,
meydanda,
televiziya proqramlarında
Söhbət vətənə millətə çatanda
Niaqara şəlaləsinin suları kimi
ağzından fışqırmalıdır tüpürcəklər.
Qurşağından aşağı olan vətəni
Canından çox sevdiyini hayqırmalısan.
Vətən-millət əleyhinə nəsə deyənin isə
Elə canlı yayında üstünə şığamalısan.
Qeyri səmimi görünməkdən çəkinmə
Bu ölkədə hər kəs sənin kimidir.
Azərbaycan "psevdopatriotlar" məmləkətidir,
vətəni sevmək şərt deyil
tələb edilmir.
Ancaq vətənin ədəbiyyatı olduqca önəmlidir
Vətən sevgisi haqda hər kəs ağız dolusu danışabilməlidir.
Uğrunda güya ölməyə hazır olduğun millətə gəldikdə isə…
Sənin evin əsl mənada qəsr,
qala olmalıdır.
Uzun divarlar hörüb,
Həmən o sevdiyin millətdən qorunmaqdan ötürü
Hasarını tikanlı məftillər
və qırıq şüşə parçaları ilə bəzəməlisən.

***
Məncə bu qədər kifayətdir…