Alatoran_header  
Almanax > 2003 > Biz...variq!
Ədəbiyyat meydanında yeni ədəbi güclər, yeni imzalar və yeni əsərlər varmı?
İlk səhifələrini oxumağa başladığınız bu kitab bir mənada, həmin sualın cavabı kimi də başa düşülə bilər; bəli, bu gün ədəbiyyat meydanında yeni imzalar və yeni əsərlər var!
Kitaba ön söz kimi nəzərdə tutduğum qeydləri məhz bu sualla başlamağım səbəbsiz deyil; bu gün ədəbiyyat haqqında söz deməyə özünü haqlı bilən və onu mümkün qədər öz inhisarında saxlamağa çalışan bizim bir sıra imtiyazlı yazıçılar yeni əsərlərin yaranmadığını dəfələrlə mətbuat səhifələrində bəyan ediblər. Guya ən gözəl əsərləri 60-cı illərdə («Xruşşov qızdırması» dövründə) ədəbiyyata gələn yazıçılar və şairlər yaradıblar, guya onların fəth etmiş olduqları «zirvələri» sonrakı nəsillərdən olan yazıçılardan hələ heç kimsə fəth edə bilməyib. Nə boş cəfəngiyyat! Özünü böyük göstərmək naminə uydurulan uğursuz yalan! Mənəvi ömrünü artıq çoxdan başa vurmuş yazıçıların son çabası…
Azərbaycan bədii sözü, savaşdan çıxmış əsgər sayağı, yıxıla-dura özünü bizim günlərə qədər gətirib çıxarda bilib, sadəcə var olmaq və yaşamaq uğrunda ağılagəlməz məhrumiyyətlərə tablayıb. Azad söz yollarındakı bu yürüşdə neçə dəyərli yazıçımız basqılara düşüb, sıradışı edilib, silinib yoxa çıxarılıb, ədəbiyyat yanğısı ilə yaşayan nə qədər istedadlı cavan qələmi yerə qoymaq məcburiyyətində qalıb. Əvəzindəsə neçə qondarma yazıçı şöhrət zirvələrinə qaldırılıb, özəl imtiyazlar yiyəsi olub. Məgərsə, əsər yazmaq, yazıçı olmaq allah-taalanın insana verdiyi ən təbii haqlardan birisi deyilmiş, bundan ötəri kimlərdənsə izn alınmalı imiş…
Bəlkə də, çox deyil, bir 10 il keçəndən sonra bu cümlələr onu oxuyanlara qəribə təsir bağışlayacaq, 90-cı illərdə ədəbiyyata gələnlərin yaradıcılıq dışındakı bu başağrıları inanılmaz görünəcək. Lakin bunlar gerçəkliyin özüdür.
Hər halda, ədəbiyyatı əsrarəngiz buxovlarda görən «sovet düşüncə tərzi» bizim ölkədə yalnız indi, müstəqilliyimizin ikinci onilliyində öz ömrünü tükədib…, Azərbaycan tarixi artıq bundan sonra bu cürə xətalara yol verməyəcək, çünki zaman, gerçəkdən, dəyişib, əskilər «Keçmiş Zaman» faylında məhkum ediliblər.
Çünki, artıq ədəbiyyat meydanında yeni, istedadlı cavanlar var. Onlar dünya ədəbiyyatı meyarları ilə düşünməyi və yazmağı bacarırlar, müxtəlif ədəbi janrlar üzrə ən müasir metodoloji əsaslara yiyələniblər, öz əsərlərində Azərbaycan ədəbi dilinə yeni diapazon qazandırır, üzərlərində boyük «Ana Dili Okeanusu» yaratmaq missiyasını daşıyırlar. Yeni ədəbiyyat gücləri öz yaradıcılıq fəaliyyətlərini vətəndaş cəmiyyəti prinsipləri əsasında qurmağa üstünlük verir.
Bu gün biz, elə siz də əminliklə deyə bilərsiniz: müstəqil Azərbaycanın öz müstəqil yazarları var, yeni əsərlər yaranır və özünü ədəbiyyat işinə həsr eləmiş gənc insanlar min bir əziyyət bahasına olsa da, bu incə sənət ocağının qorunu sönməyə qoymurlar.
Ən əhəmiyyətlisi, çağdaş Azərbaycan ədəbi gəncliyinin Azad Yazarlar Ocağı (AYO) adlı yeni düşüncəyə əsaslanan, yalnız irəliyə, istiqbala yürüməklə yükümlü, əski zehniyyətə qarşı barışmaz bir avanqardı var.

Rasim Qaraca