Alatoran_header  
Almanax > 2003 > Azad yazarlar ocağı haqqinda bilgi
Azad Yazarlar Ocağı (AYO) bir təşkilat olaraq 2001-ci ilin aprel ayında keçirilən özünün ilk təsis konfransında varlığını bəyan etmiş, yeni nəsil ədəbi qüvvələrin ədəbi qurumu sifətində meydana çıxmışdır.
Konfrans ərəfəsində AYO-nun sıralarına 45 yaşın altında, bədii yaradıcılıqla məşğul olan 50-yə yaxın yazıçının dəvət olunmasına baxmayaraq, yeni nəsil yazarların öz müstəqil ədəbi qurumlarını yaratmaq ideyası hər kəsdə sevinc hissləri doğurmamışdı, onu dəstəkləyənlərin sayı bir neçə nəfər qalıncaya qədər azalmışdı, öz sıralarımızda görmək istədiyimiz hər bir cavan yazıçı öz sönük istedadını AYO-dan əsirgəmiş, «mən bu təşkilatda yoxam» deməyi özünə borc bilmiş, qəzetlər AYO-nun da aqibətinin məsələn, EQO ədəbi qrupu kimi müvəqqəti olacağını basıb bağlamış, bizimlə birlikdə çay içən və yüksək materiyadan danışan «dostlarımız» haqqımızda tənqidi məqalələr yazaraq «sən allah, inciməyin, AYB-dən təqaüd almaq istəyirəm» deməkdə qəbahətli heç nə görməmiş, hətta sıradaşlarımızdan bir nəfəri bu təşkilatı «çirkin» adlandıraraq mətbu bəyanatla onun sıralarını tərk etmişdi. Öz sıradaşlarımız, bizimlə eyni ədəbi nəsli paylaşan, əsas etibarilə orta istedadlı yazıçılar Azad Yazarlar Ocağına qarşı olduqlarını bu və ya digər şəkildə dilə gətirdilər, Yazıçılar Birliyi ətrafında «sıx» birləşərək qarşı cəbhə oluşdurdular. AYO tam dörd nəfər qalıncaya qədər ələndi.
AYO-nun yaranması ictimaiyyət arasında da birmənalı qarşılanmadı, ilk növbədə yazıçıların rəsmi təşkilatı Azərbaycan Yazıçılar Birliyi bu yeni qurumu sərt təpkiylə qarşıladı, «Ədəbiyyat Qəzeti»ndə dərc olunan «Alternativ ədəbiyat dedikləri budur», «Düşmən ocaq başında» və bir çox başqa publikasiyalarla, əslində ona dəstək verməli olduğu halda, basqı göstərdi, bəzən «düşmən», «erməni» və s. təbirlərlə yamanlamaqdan belə çəkinmədi.
Lakin bunlar o qədər də əhəmiyyətli deyil. Daha önəmlisi, Azərbaycanda ilk dəfə sərbəst düşüncəli yazarlar özlərinin bağımsız ədəbi təşkilatlarını yarada bilmişdilər. Sovet dövründə formalaşmış ədəbi idarəçilik prinsiplərinə tabe olmayan insanlar meydana çıxmış və özlərinin yeni özünüidarə formalarını təklif edirdilər. Əhəmiyytli olan o idi ki, AYO zamanın tələbi ilə yaranmışdı, Azərbaycan gəncliyinin dəflərlə batırılmış səsi bu səfər beton divarları dələrək özünə yol açmışdı, ideya acı insanlara o, hava-su misali olmuşdu, öz eyblərini gizlətmək istəyənlər üçünsə, sadəcə bir ölüm hökmü.
Azad Yazarlar Ocağı bu yaxınlarda özünün 3 yaşını qeyd edəcək. Artıq sizə təqdim etdiyimiz bu almanaxdan da görə biləcəyiniz kimi, o, öz sıralarını genişlədərək, daha əmin addımlarla gələcəyə doğru yürüməkdədir.