Alatoran_header  
Əsərlər > Aqşin > pozğun misralar

bığın saqqalın içində itib batmış bu qara adamların
ciblərini eşələyən ac polislərin acığına
özümü küçə itlərinə yem etmək fikrindəyəm
içalatından qovurma, ayaqlarından xaş bişirmək
başımı kəsib çiy-çiy tullamaq fikrindəyəm qabaqlarına əl tutmaq fikrindəyəm küçükləmiş külfət basmış o arıq qancığa.

masanın üstündəki içi dolu külqabıya
siqaret kötüklərinin basdırıldığı fəxri xiyaban demək fikrindəyəm.

ey skamyada sevgilisi ilə qolboyun olan gənc,
o qancığı mənim əvəzimə də öp.
sənin yerinə olsaydım çoxdan o dayçanın ayaqlarını…
ey əngindəki dişlər töküldüyündən
çörəyi qabaq dişləri ilə çeynəyən iyrənc ağızlı qoca, ayaqqabıları su buraxan zavallı
bilirsənimi heç, dişlər haram tikə yeməkdən yox,
kasıbçılıqdan tökülür, kasıbçılıqdan.
ey bizim evin
gözyaşardıcı şapalaqla silahlanmış polisi,
mən sənin üçün arvad alıb içində gəzdirə bilmədiyi uşaqları küçələrə tökən ataların tayı deyiləm
ey mənim şair dostum, xoş gördük
gedək bir az araq içək,
quran oxuyaq,
nəşə dolduraq.
on minlərlə insanı
ağzında ət qutabı çeynəyə-çeynəyə
güllələtdirən pinoçet
bu gün sadəcə ev dustağıdır
bizim xoşbəxtlik adlandırdığımız təklik
başqaları üçün cəza növüdür, şair
otur, otur, cəhənnəm olsun pinoçet
yaşamaq deyilən şey soyutma yumurtalar,
alaçiy çörək
bir də bu tut arağıdır
otur şair,
bir həqiqət süfrəsi açmaq fikrindəyəm sənə
sənə qəzetçi dostumun öz anasından zəhləsi getməsindən danışacağam.
o özünü doğma anasına deyil,
yatdığı qəhbəyə borclu bilir.
heç vaxt ərə getməyəcəyinə
və uşaq doğmayacağına söz verən
şairanə bir qadına.
otur, şair, qurban olum sənə,
mənə fikir vermə,
mən ağlayanda hicab altındakı arvad təki
gözümün müzüyünü tökmürəm.
mən ağlayanda eşşək kimi ağlayıram
evdə gəzişirəm qolumdakı saatı açıb divara çırpıram
zəng vurub sevdiyim qadını söyürəm,
kitabları təpikləyirəm,
şəkilləri yandırıram
hiss edirəm ki,
evdəki bütün əşyalar məndən qorxur
ən soyuqqanlı mətbəx bıçağı hətta
bu hiss mənə ləzzət verir
qəzetçi dostuma yazığım gəlir, şair, onun anasını…
mən ağlayanda küçədən yağış səsi gəlir
uşaq vaxtı qurbağaları öldürəndə
arvadlar bizə deyirdi ki,
qurbağanı öldürəndə yağış yağır.
mən ağlayanda elə bilirəm uşaqlar qurbağa öldürüblər
uşaqlar qurbağalar… qurbağalar…ölümlər….
…qurbağalar…
mənə fikir vermə şair,
otur, bir az araq içək,
quran oxuyaq,
nəşə dolduraq