Alatoran_header  
Əsərlər > Aqşin > amaliyanın cib dəftəri üçün

ağır-ağır örtülən darvazanın səsindən
kədərli heç nə yoxdur
ağır-ağır batan gəminin həyəcanlı fitindən
bunu görüb heç bir kömək edə bilməyən
sahildəki yeganə sakinin görkəmindən,
kədərli heç nə yoxdur

kədərli heç nə yoxdur balıq çırpıntısından
nə qədər ki, qarmağın ucuna yem taxırlar
heç bir dənizdə balıqlar heç bir balıqçıya qarşı üsyana qalxmayacaqlar
bu acı həqiqətdən kədərli heç nə yoxdur

qocaların istikanda suya qoyulmuş protez dişlərinin səssiz gülüşündən
bu gülüşün gecə boyu evdəkilərə verdiyi əzabdan
kədərli heç nə yoxdur
üzünün cod tükü ilə əlinin üstünü qaşıyan atanın
sükutu uzun sürəcək
uşaqları böyütmək üçün evdə bir az da sükut lazımdır
bu uzunömürlü sükutdan kədərli heç nə yoxdur.

zəlzələdən sonra şəhərdəki qarmaqarışıqlığa nə ad vermək olar ?
bilmirəm.
Şəxsən məni ölmək yox, uçuq divarların altında qalmaq qorxudur
bizim evdə qadınlar cocuqları,
cocuqlar kişiləri ovutmaq üçündür