Alatoran_header  
Əsərlər > Aqşin > Sabahdan bütün cinayətkarlar mənəm

Diktator olacaq cocuqları analar doğmurlar
diktator olacaq socuqları qadınlar qusurlar
öz bətnlərindən
səhərin gözü açılmamış iğtişaşdan sonra
küçələrdə tökülüb qalmış daş-kəsəyi süpürən bu qarı
elə bil gecənin özünü süpürüb bir yerə toplayır və
zülməti, qaranlığı boğmağın daha bir yolunu kəşf edir
öz yorğun süpürgəsiylə.

Sabahdan mən də Bakı küçələrində qan tökəcəyəm
qan töküldüyü yerin təkcə rəngini dəyişmir
həm də adını dəyişir
qan mənasız axan zamanı saxlayır tarixə çevirir.
Sabahdan mən də Bakı küçələrində qan tökəcəyəm
polis məmurunun evinə soxulacağam
(evimə soxulacaq polis məmuru)
arvadının yanında qanına qəltan edəcəyəm onu
(arvadımın yanında qanıma qəltan edəcəklər məni)
ürəyim balaca uşağın nəlbəkiyə töküb üfürdüyü
isti çay kimi soyuyacaq.

Sabahdan mən də Bakı küçələrində qan tökəcəyəm
cibimdə qətlə yetirəcəyim adamların siyahısı.
Artıq üstümdə qansız bir bıçaq gəzdirirəm
adam öldürəcəyəm və bir daha sübüt edəcəyəm ki
pis adamlar heç vaxt yaxşı ölmürlər!
Ölməməlidilər də!!!

Sabahdan bütün cinayətkarlar mənəm!