Alatoran_header  
Əsərlər > Aqşin > 9 ay tora-bora mağarasında

Bu zülmət gecələrin öz qəribəlikləri var
belə gecələrdə güllələr kiməsə dəymək ümidi ilə uçur
güllələr öz yanğısını söndürür kişi bədənlərində.
Əsl kişi «necə» yox, «nə üçün» öləndir.

Ölüm heç vaxt nə sualına cavab verməyib.

Qadınlara elə gəlir ki, qaranlıq onları gizləyir
əksinə, qadın qaranlıqda daha aydın görünür
məndən iki addım qabaqda gedən bu qadının
azadlığının sərhəd dirəkləridir sevişdiyi kişinin qolları
bu «dirəklərdən» o tərəfdə səhər çoxdan açılıb
kişi qolları arasında qadın üçün həmişə qaranlıqdır
həmişə.
Qadının azadlığı qaranlıqdır.

Mən insan ömrünü dustaq gəzintisinə bənzədirəm
darısqal və darıxdırıcı bir gəzintiyə
bir azdan hamını öz soyuq hücrəsinə qaytaracaqlar
bir azdan öz bədənlərinə şəkil döydürəcək tənha dustaqlar.
İnsan öz bədəninə şəkil döydürməklə də artıb çoxala bilir.

Qəribədir, quşlar azad olduqları üçün uçmurlar
azad olmaq üçün uçurlar
adamilar azad olduqları üçün yaşamırlar
azad olmaq üçün yaşayırlar
ağaclar azad olduqları üçün ucalmırlar
azad olmaq üçün ucalırlar
azadlıq nədirsə məncə donmuş haldadır
bütün bu uçuşların, yaşayışların və ucalıqların sonunda.

Bu zülmət gecələrin öz qəribəlikləri var
insanlar bizim uğrumuzda öldürəndə qəhrəman olurlar
öz uğurlarında öldürəndə qatil.