Alatoran_header  
Əsərlər > Aqşin > Barayev mənim qardaşım idi

(toyuq başı kəsən uşaq)
Uşağın əlinin yüngüllüyündən
gec ölər başını kəsdiyi toyuqbəlkə də heç ölməz
üzülmüş boğazdan axan qan
bədənin öz kəsilmiş üzvündən ötrü tökdüyü
göz yaşına bənzəyər, bəlkə heç bənzəməz
ancaq
üstündə qan ləkələri qurumuş çəkmələr
nə vaxtsa uşağın üzünə duracaq
uşağın üzünə duracaq bir cüt yngül əl.
Olsun ki, nə zamansa toyuq bu uşağı öldürüb
indi başını kəsməklə toyuqdan qisas alır uşaq.

Doğulan hər kəsin içində
uşaqlıqla əkiz bir qocalıq doğulur
bəzən elə bətindəcə
qocalıq öz əkiz tayı uşaqlığın qatili olur
uşağın içində qoca bir qatil gəlir həyata
uşağın içindəki qoca qatili əmizdirir ana
qoca qatili böyüdür ata
bəzən də sona qədər uzanır qocalığın uşaqlığa nifrəti.
İlk dəfə toyuq başı kəsən uşağın içində
bəlkə qocalıq da uşaqlığın başını kəsir
ilk dəfə baş kəsən uşaq birdən-birə qocalır.

Qətl anında əllərinin uzandığını duyar qatillər
bəzən öz qisasını alan adam qatilə çevrilər
ilk dəfə toyq başı kəsən uşağın əlləri uzanar
uşaq qoca bir qatilə dönər.

(uşağını qurban kəsən ata)
insanın özündən əksinin gözəl olduğunu
əksinin gözəlliyinə aldanan adamların bədbəxt sonluğunu
açıb danışdı ata, ayna qarşısında yubanan uşağa
«öz əksinə baxmaqla ilk günaha batar insan
arxasına qara yaxılmış şüşədə
həqiqət görünməz bala, görünməz,
göydə uçan quşların əksidir suda üzən balıqlar
ancaq bunu nə quş bilər nə balıq
quş göyün balasıdır, balıq suyun balası
göydə uçan quşu vursan göy qanayar
dəryadakı balığı öldürsən su qanayar
balıqla quşun uzaqlığı qədər uzaqdır səndən əksin
əksi qoymaz insanı fanilikdən tələssin…»

(qisasını alan uşaq)
divara çilənmiş qan ləkələri…
budur ölümündən sonra insan həyatının ardı
Barayev bir gecəyə oz alın yazısını oxuyub qurtardı
günəşin tumturş işığından üzü qamaşan oğlan
işığın dadını bilirdi.
Elə bil gözləri ovcunda idi
ondan həmişə ağlamaq səsi gələrdi
ondan göz yaşı damardı
ancaq bilməzdim hardan
«vətən qürbətə daşınır» - deyərdi – «uzaqlaşan qatarda»
Sənə əl açmış dilənçi uşağa diqqətlə bax
o uşaq dilənçi olmamaq üçün dilənir
həyatda da belədir, qardaş
bəzən həqiqət ölməmək üçün güllələnir
alovun bir ucdan zülmətə doğru qovduğu
kibrit çöplərini göstərib
«hər atəşin gücü özündən sonrakı zülmətin
qatılığından xəbər verir» deyərdi.

Barayev mənim qardaşım idi
indisə divara çilənmiş qan ləkələri
bir kağız parçasında uçan solğun qara xəbərdir
«uşaqları öldürmək olmaz, uşaqlar ölümü anlamaz» deyərdi «verdiyimiz qurbanlar
allahın öz yanına çağırdığı sevimli bəndələrdi,
bundan qorxma» deyərdi
«bir gün bir gülləyə qoşulub getsəm
aç üzümü saçlarımı qarışdır,
yoxluğumla təkliyini barışdır» deyərdi
Barayev mənim qardaşım idi
indisə divara çilənmiş qan ləkələri…
bir kağız parçasında solğun qara xəbərdir.

Sən mnim uşaqlıq şəklimsən, qardaşım
Sən mənim uşaqlıq şəklimsən!