Alatoran_header  
Əsərlər > Aqşin > Yastığa hopmuş qadın

İlk ərindən boşanandan sonra
tez-tez səninlə görüşən
sonra başqa birisinə ərə gedən qadınla
bəzən yuxuda cinsi əlaqədə olursan
bu həmin qadının sənə, sənin evinə, evindəki əşyalara hopmasından xəbər verir
adamın arxasınca hopduğu əşyalar da yox olur
indi hanı onun ələrinin toxunduğu şüşə fincan?
hanı ayaqlarının hopduğu üngül başmaqlar?
hanı səsinin hopduğu telefon dəstəyi?
hanı?
qocaldıqca sağ üzün sol üzündən daha incik görünür
qocaldıqca bədəninin bir tərəfi yubanır
hər gecə baş qoyduğun yastığı edam kötüyünə oxşadır,
divara mıxladığın şəkillərlə evinə gələnləri tanış edərkən
bəzi sözlərin yerinə ah çəkib
bitməkdə olan cümlələrin ömrünü uzadırsan
ağlamaqla ağırlığı azaltmaq istəyirsən
yarıyacan göz yaşıdır insan ağladıqca qurtarar
suyu göz yaşına çevirmək kimi
bir qüdrət verilib insan bədəninə
göz yaşına çevriləndə itkin düşür su
insan əşyalara su kimi yox
məsələn qan kimi hopur
məsələn göz yaşı kimi…
qan kimi hopur yastığa qadın
göz yaşı kimi hopur
qan kimi hopur çarpayıya dustaq
göz yaşı kimi hopur
qan kimi hopur ağ kəfənə şəhid
göz yaşı kimi hopur
indi hanı yastığa hopmuş qadın?
hanı çarpayıya hopmuş dustaq?
hanı ağ kəfənə hopmuş şəhid?
hanı?
hanı?
hanı?