Alatoran_header  
Əsərlər > Aqşin > nəsiminin soyulmuş dərisi haqqı

keçən əsrin 70-ci illərində, ərdəbil şəhərində.
inqilabçılar minlərlə polisi yaxalayıb
cinsiyyət orqanlarını kəsdilər
mən o vaxt çox uşaq idim
üstündən otuz il keçdi
bu yaxınlarda yenə ərdəbil şəhərində üç gözəl tələbəni
qaldırıcı kranın dimdiyindən asdılar
mən indi çox qocayam
nəsiminin soyulmuş dərisi haqqı…

uşaqları çox sevdiyimdəndir ki,
istəmirəm onlar bu dünyaya gəlsinlər
hamilə qadınlardan zəhləm gedir
elə atalarımız da bizi ona görə böyüdüblər ki,
onlar öləndə biz də onların şəkillərin böyüdək
sən demə, adamlar ölmürlər, adamları öldürürlər
atam öləndən sonra ayaqqabıları geyilməməkdən çürüdü
paltosu geyilməməkdən köhnəldi
atam öləndən sonra biz onu unutmağa başladıq
tez-tez xatırlamaq şərti ilə
nəsiminin soyulmuş dərisi haqqı…

mənim yaşadığım "8-ci kilometr" qəsəbəsində
bir ev uçdu, içində yaşayan əclafı öldürdü
sən demə bu adam gecələr altını batırıb
öz nəcisi ilə evin divarlarına
ən müqəddəs şeylərin adını yazırmış
qonşular danışırdılar ki,
ev boğaza yığılıbmış onun əlindən
nəsiminin soyulmuş dərisi haqqı…

qadın kişinin vətənidir - deyib
bütün qadınlarının ərazi bütövlüyünü dəstəkləyirəm
qonaq olduğum mehmanxanada
çox kişinin yatdığı fahişənin çiyninə toxunub
"bacı, sağ ol, mən getdim"- dediyini eşitdim
burda bir sirr olduğunu düşündüm
nə vaxtsa bütün fahişələr
bütün kişilərin bacısı olub yəqin
hərdən beynimdən qadın zorlamaq keçir-
məncə bu olardı əsl ehtiras aksiyası
etiraz aksiyasını dağıdır əli dəyənəkli polislər
"hökumət evi"nin qarşısında
necə ki, sığırçınlar didib-dağıdır at nəcisini
içindəki buğda dənələrinə görə
nəsiminin soyulmuş dərisi haqqı…

biz balıq doğrayanda,
meyvə qabığı soyanda
bıçağın qəfil əlimizi kəsməsinə
adi hal kimi baxmamalıyıq
doğradığımız balıq,
dərisini soyduğumuz meyvə də
bu cür alır qisasını bizdən
nəsiminin soyulmuş dərisi haqqı…

o ölkədə ki, allah sözü silah sözü ilə qafiyələnir,
qolboyun olur
o ölkədə mən yaşayıram
yaşayıram deyəndə ki, şorba içir,
çarpayıya dirsəklənir
və dişlərimin xorla ağrımasına qulaq asıram
heç bir dinə inanmıram
məncə "kafirlər" qır tiyanında qaynayacaqlarsa
"möminlər" də həmin tiyanın altına çör-çöp daşıyacaqlar
ancaq bu o demək deyil ki,
mən adamların gözü önündə
yeraltı keçidlərdə, uşaq bağçalarının arxasında
avtobus dayanacaqlarında
it kimi cütləşməliyəm səninlə…