Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Kölgədən işığa

Məndən kölgə düşür -
arxasında oturduğum masaya
üstünə əyildiyim kağıza
əlimdəki qələmə
qələmin qara ucuna.

Qələmlə işıqlı sözlər yazıram
qələmlə işıqlı sözlər gəzirəm
qaraladığım sətirlərin arasında,
tapınca onları
bu səfəri
məndən işıq düşür
masaya
kağıza
qələmə
qələmin qara ucuna
və neçə-neçə tutqun ürəyə.

                                               1988