Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Nizami

Dünyaya göz açdın Gəncə elində,
mayana şeriyyət qatdı bu torpaq.
Sənə yasaq oldu ana dilində
Dastanlar bağlamaq,
qəzəllər qoşmaq.

"Türk dili yaraşmaz şah nəslimizə…" *
dağlandı sənətkar, şair sinələr.
Qara damğalarla
bal dilimizə
vuruldu
nə qədər acı tənələr.

Mən ana dilimin divanəsiyəm,
heyranam hər sözün
min bir rənginə.
Ətrinin,
nurunun
pərvanəsiyəm -
onsuz qürbət gəlir
bu dünya mənə.

Lacivərd göylərin hüsnü var onda -
bənzər göz yaşına,
quzey qarına.
Layla tək süzülüb
göy qurşağından
qonub anamızın dodaqlarına…

Tanrının özüylə tanrılıq etdi,
titrətdi bu dillə
göyü Nəsimi.
Füzuli dağları yaxdı,
əritdi,
qurdu
neçə-neçə məna tilsimi.

İşindən-gücündən
ömür alaraq
dəyişən dünyada
iz qoymaq çətin.
Ucaldı göylərə
- türbəndən qabaq -
sənin ulu şerin,
ulu sənətin.

Əsrin bəxşiş aldı
adını səndən,
illər karvan tutdu,
əsrlər köçdü.
Çıxdın tarixlərin keşməkeşindən -
şəfəqin
dünəndən bugünə düşdü.

Mən necə şerini bənzədim gülə,
hansı gül bu qədər qalıb,
solmayıb?!
Şerin zinət verib
səkkiz yüz ilə
hələ də
mislini görən olmayıb.

Qəbrinin
könüllər olsa da yeri,
babam, icazə ver,
bir qom çiçək tək
ANA DİLİMİZDƏ
yazdığım şeri
qoyum məzarına… səcdə edərək.

                                                         1981



   * Şairin "Leyli və Məcnun" məsnəvisindəndir (çevirmən - Səməd Vurğun)