Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Dəniz qeyrəti

Dəniz çalxanır qəzəbli,
dəniz çalxanır qəzəbli,
dalğalarla gəmirərək sahili.
Səbəbini sorduq,
söz tutmadı ağızı-dili.

Dəniz qərar tutmur yerində,
sahildəkilər azalmış.
Hanı o gözəl rəngləri dənizimizin –
nədən belə bozarmış?!

Dəniz çalxanır qəzəbli,
bir söyüd pıçıldayır qulağımıza:
«Nə etsin coşmayıb dəli-dəli?
Yenə də sahildə bir oğlan
yalandan «sevirəm» deyib
nə bilim neçənci qıza...»

Dəniz çalxanır qəzəbli,
dəniz çalxanır qəzəbli,
dalğalarla gəmirərək sahili...

                                                      1982