Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Həsrətin

gözlərim gözlədi
ürəyim sızladı
dağları düzlədi -
həsrətin.

arzumu qaraltdı
nəşəmi daraltdı
ömrümü saraltdı -
həsrətin.

fikir də usanır
vüsalın bəs hanı?
necə də uzanır -
həsrətin.

sönməyən ahımdır
əzəldən qorxumdu
çəkilən yuxumdur -
həsrətin…

                         1979