Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Gözlərimin günahı

Bir ürkək dilbərə saldım meylimi,
əridim gizlicə məhəbbətindən.
Ömrün cavan çağı
üzdüm əlimi
bu qoca dünyanın
hər nemətindən.

Sevgimin saflığın duydum səsində,
dedim "məndən xoşbəxt olmaz cahanda".
Qıymadı zövq alım gül çöhrəsindən -
üzünü gizlətdi mən hər baxanda.

"Nə var, nə baxırsan?" soruşdu qəfil,
ala gözləriylə süzərək məni.
Ram oldum önündə bir an…
elə bil
dilimdən daş asdı
bu ürək mənim.

Sordum "günahdımı?"
Dedi "bəs necə?"
Gördüm ki,
halımı eyninə almır.
Dedim: "Gözəlliyə baxmaq günahsa,
niyə gözəl olmaq
günah sayılmır?"

"Göz gördü, könül də istədi" dedim,
"Artıq bir vüsalın marağındadır.
Günah məndə deyil,
gözdədir - dedim,
əzəldən gözəllik sorağındadır".

                                                            1980