Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Anamın saçları

Ağarır,
ağarır anamın saçı,
mən dözə bilmirəm, dözə bilmirəm!
Nə bir dərmanı var,
nə bir əlacı,
yox, onu hamı tək süzə bilmirəm!

Ağarır zirvədə gümüş qar kimi,
ağarır ilbəil,
ağarır hər gün.
Qarşında durmuşam günahkar kimi
tək,
bircə saçına dəymərəm yəqin.

Gözlərim yaşarar
baxsam saçına,
qəlbimə dumanlı fikirlər çökər.
Gözümün qarasın verərdim, ana,
saçını
qaraltmaq olsaydı əgər…

Qara saçlarına yazılıb sənin
doğma övladların ömrü, diləyi.
Nə qədər böyükdür
dözümün sənin,
ey ana ürəyi, ana ürəyi!..

Nə vaxt ilk dən düşdü?
Nə vaxt ağardı?
Xəbərim olmayıb, bağışla, ana.
Nə vaxtsa gur, qara saçların vardı,
vəfasız həyatdır - aldı,
                                       apardı.
Nə vaxt ilk dən düşdü?
                           Nə vaxt ağardı?
Xəbərim olmayıb, bağışla, ana.

Kaş gözümə qara sular gələydi,
saçını ağarmış görməyim sənin.
Necə daş olmayıb, necə ürəkdir
sinəmdə çırpınan ürəyim…
                                                 sənin
gümüşü saçını görüb - solmayıb,
sönməz ocaq ola,
                                alışa,
                                          yana,
xəbərim olmayıb, bağışla, ana,
ürəyim olmayıb, bağışla, ana…

Kədər köhlənini minib çaparaq
gah dağa gedərəm,
                                gah da arana.
Sənə baxa-baxa,
                                yəqin ki, bir vaxt
mənim də saçlarım ağarar, ana.

Ana gənclik odun,
gənclik həvəsin yaşadır,
                                verərək öz balasına.
Mən dözə bilmirəm,
                                o necə dözür
saçının bu vaxtsız ağarmasına?!

Gözlərim yaşarar…
baxsam saçına,
qəlbimə
dumanlı fikirlər çökər.
Gözümün qarasın verərdim, ana,
saçını
qaraltmaq olsaydı əgər…

                                                  1978