Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Yorğunluq tökülür baxışlarımdan

Yorğunluq tökülür baxışlarımdan
bilmirəm
dünyanın harasındayam.
Xəbərsiz deyiləm
məndən uzaqda
qara gözlərinin "yağışlarından" -
zərif bir bənövşə,
saf xatirə tək
o göz yaşlarının arasındayam…

Fikir göz açmağa qoymayır məni
qatlayıb dizini kirpiklərimin.
Əvvəllər xətrinə dəysəm də hərdən
dilim deməsə də könlüm deyəni,
sən elə bilmə ki, dəyişmişəm mən -
sevgim də həmindir,
könlüm də həmin…

Mən səni görəndən həsrətindəyəm
gəlsən,
tapılardı bəlkə əlacım,
bir az sərinlərdim baxışlarında,
bilərdim
kimsəm var - dərdimi deyəm
bilərdim
dünyada yalqızlıq yoxdur,
bilərdim
yüngülmüş bu ağrı-acı…

Görən sən olmasan…
mən nə edərdim?!
Dünya da beləcə görünərdimi?
Duyuram havamsan, suyumsan mənim
sənsiz
özümün də olmazdı qədrim,
isti nəfəsinçin qəlbim göynəyir
bahar günəşinə həsrət qar kimi…

Yenə ürəyimdən duyuram nəsə
bir vüsal dumanı boşalıb gedər
yolları çiynimə alıb gələrəm,
gələrəm… bir kəlmə
"sevirəm" desən,
yoxsa ürəyim də dönüb dumana
bir gecə sinəmdən baş alıb gedər…

Sənin o yollara düşən izlərin
hönkürər arxanca mənim yerimə
yollar kənarında küskün, ağlayan
yaşıl söyüdlərə dəysə gözlərin
onları
ən kövrək xatirələr bil -
hönkürər arxanca
mənim yerimə…

Yorğunluq tökülür baxışlarımdan
bilmirəm
dünyanın harasındayam.
Xəbərsiz deyiləm
məndən uzaqda
qara gözlərinin "yağışlarından" -
zərif bir bənövşə,
saf xatirə tək
o göz yaşlarının arasındayam…

                                                              1979