Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Yelkənli gəmi

Yadında,
mən sənə yelkənli gəmi,
oyuncaq bir gəmi vermişdim onda.
Vermişdim vüsala bələdçi kimi
bizi qovuşdursun
ömür yolunda.

Tale o gəmini daşlara çaxdı
Hicran dəryasında qərq etdi bizi.
İndi ayrılmışıq
bir xeyli vaxtdır
Şaxtalar sarıbdır ürəyimizi.

Gör, nələr eylədi taleyin əli -
mən ki, inanmazdım ona,
gülərdim.
Özümü bir Məcnun,
səni bir Leyli
o saf eşqimizi - əzəl bilərdim.

Daha bəxtimizdə rüzgarlar əsir
sevda nağılımız bitdi,
tükəndi.
İndi
bu möhnətin ahı-naləsi
arabir saçımdan boylanan dəndir.

Əridə bilərmi ayrılıq qarın
bir sevən ürəyin ahı-harayı?!
Əzəldən
yoxuşda
ayrılanların
Vüsal zirvəsində payı olmayıb.

"Əşi, tale nədir - deyib,
gülərdim -
ürəklər sadiqsə, məhəbbət - təmiz?"
Mən belə bilirdim,
belə bilərdim
daşlara dəyməmiş
vüsal gəmimiz.

Sənə tuş gətirdi həyatda məni
sonradan
nisgillə ayıran tale.
Necə rəhmsizdir
ona güləni
dözülməz kədərlə doyuran tale!

Yadında,
mən sənə yelkənli gəmi,
oyuncaq bir gəmi vermişdim onda.
Vermişdim vüsala bələdçi kimi
bizi qovuşdursun
ömür yolunda.

                                                        1980