Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Baxdım əllərinə

Gətir bu ayrılıq,
bu hicran günü
baxım əllərinə
baxım son kərə.
Baxım ilk eşqimə ölüm hökmünü
qorxusuz,
hürküsüz yazan əllərə.

Bu əllər bir evdə işıq olacaq
kiminsə övladın oxşayacaqdır.
Mənsiz dünyalardan
murad alacaq,
məndən uzaqlarda
yaşayacaqdır.

Əllərin
kiminsə göz yaşlarıyla
gecədən şehlənən çiçək olacaq.
Alnımın
bu sənsiz qırışlarıyla
əllərin mənə də gərək olacaq.

Sən mənim könlümün Şəhrizadıydın
İstədin olasan
bir ev xanımı.
Anlaya bilmirəm
sən necə qıydın
göyərçin əllərə
ürək qanımı.

Baxdım əllərinə -
payızı gördüm
xəzandan solmuşdu
ilk baharım tək.
Onları son kərə öpmək istərdim
dodaqlarım çatmaz…
ixtiyarım tək.

Sənsiz
əllərimin yoxdu qərarı -
dənizsiz dalğadır,
dalğasız dəniz.
Hər gecə,
gizlicə,
əlinə sarı
Əllərim uzanır
məndən xəbərsiz…

                                                        1981