Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Dağlar sinəsində

                          Aşıq Şəmşirə


Nolur düşüb qonaq qalsam
bizim dağlar sinəsində?
Yəqin çoxdan
itib gedib
izim dağlar sinəsində.

Hanı Şəmşir - dağ qartalı?
Vurğunun dalğın xəyalı?
Necə kefə gedim,
qalım,
dözüm dağlar sinəsində?!

Başım üstün həsrət alsa,
könlüm sınsa,
gözüm dolsa,
dərd-qəm mənə neylər
olsa
gözüm
dağlar sinəsində?!

İlham sığmaz yerə-göyə -
daşı
tilsim deyə-deyə
çevirməsə
gül-çiçəyə
sözüm dağlar sinəsində.

Hicran məni saldı xəstə,
ocaq çatdı sinəm üstə,
kül oldum bir sənəm üstə
közüm -
dağlar sinəsində.

                                             1981