Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Bayatılar

1.

Əzizinəm dağda gül,
Aranda gül, dağda gül.
Sinəm dərd dəryasıdır,
Get məndən irağda gül.

2.

Aşiqəm, vəfa neylər,
Nə eylər - hicran eylər.
Səni sevməyən yara
Din, iman, vəfa neylər?!

3.

Aşiqəm, dama-dama,
Göl olar - dama, dama.
Bir dəli ah çəkərəm
Gözlərimdən qan damar.

4.

Əzizim o yar mənim,
Dərd qəlbim oyar mənim.
Qismətimdə deyilmiş,
Sən demə, o yar mənim.

5.

Əzizinəm, qadanı,
Özüm allam qadanı.
Özgəyə yar olmusan,
Bəs verdiyin and hanı?

6.

Əzizim baxan yerdə,
Könlümü yıxan yerdə.
Gül açar, çiçək bitər
Sevdiyim baxan yerdə.

7.

Əzizinəm, barıdır,
Vüsal - həsrət barıdır.
Ayağından qopan toz
Aşiqə mirvarıdır.

8.

Əzizim, dağlar qarı,
Əritdi dağlar qarı.
Həsrət ürək üzsə də,
Qırmaz əhdi-ilqarı.

9.

Əzizinəm, yar məni,
Unutdu o yar məni.
Sahildə lal qayayam,
Dərd gələr oyar məni.

10.

Bürünüb gülə dağlar,
Sevinə, gülə dağlar.
Bu nə sirdir, könlümü
Sevdiyim gülər - dağlar?!

11.

Əzizim, dəstə-dəstə,
Könül min bir həvəsdə.
Ölləm - mənim olmasa
O alagöz növrəstə.

12.

Əzizim, dad-amandı,
Həsrətin çən-dumandı.
Axır yağmura dönüb
Gözlərimdən yağandı.

13.

Əzizim yaradana,
Qurbanam yaradana.
Sinəmə dağ çəkilər
Söz gəlsə yar adına.

14.

Vurulub dağa yollar,
Yar olub dağa yollar.
Həsrətdənmi sıyrılıb -
Sarılıb dağa yollar?!

15.

Bu dağlar gül iləndi,
Başıma gül ələndi.
Həsrətinin dumanı
Gözümdə gilələndi.

16.

Bu söyüd durub ağlar,
Gözləri quru ağlar.
Məni görcək nədəndir
Boynunu burub ağlar?!

17.

Əzizim, kölgə düşər,
Buluddan kölgə düşər.
Öpərdim - ay üzünə
Qorxuram ləkə düşə(r).

18.

Əzizim, sənəm keçdi,
Burdan bir sənəm keçdi.
Süzdü dəli qaşların,
Oxladı sinəm, keçdi.

19.

Əzizim, yada səni,
Vermərəm yada səni.
Namərdəm - son nəfəsdə
Salmasam yada səni.

20.

Əzizim, giləsini,
Gözünün gilasını.
Gül aşiqi olardım
Bənzətsəm gülə səni.

21.

Mən aşiqəm bu yara,
Könlüm hara, bu hara?
Əhdə vəfa etməsəm
Qoy çıxmayım bahara.

22.

Mən aşiqəm, yar, yara
Sağalmadı, yar, yara.
Loğman-təbib gərəkməz -
Yar sinəsin yar yara(r).

23.

Aşiqəm indi gözdə,
Arzu - qəlbdə, söz - gözdə.
Qaşın az öldürmüşdü,
Od qoyur indi göz də.

24.

Gəzərəm qürub dağlar,
Gözüm nuru bu dağlar.
Yara həsrət könlümü
Dağlar toy qurub dağlar.

25.

Əzizim gül dəməti,
Saçları - gül dəməti.
Min il yaxdı, yandırdı,
Bir kərə "gül" demədi.

26.

Əzizim haram yanar,
Od düşsə haram yanar?
Hər kəs halalın yesə
Alışar haram yanar.

27.

Aşiqəm gülə neylər,
Dəm tutur gülə neylər.
Dünya namərd olmasa
Ağları gülən eylər.
Min bülbülün naləsi
Daş qəlbli gülə neylər?

28.

Aşiqəm, tala neylər,
Maralsız tala neylər?
Həsrətin qoşun çəksə
Könlümü talan eylər.

29.

Aşiqəm, qəmə dustaq,
Qınında qəmə dustaq.
Vaxtında şadlanmadın
Ol indi qəmə dustaq.

30.

Əzizinəm qəməsən
Zər naxışlı qəməsən.
Qatlan eşqin yükünə -
Boyun əymə qəmə sən.

31.

Əzizim, inci məndən
Dürr səndən, inci məndən.
Özün vəfasız çıxdın
Nə küs, nə inci məndən.

32.

Əzizinəm yetənə
Qürbət eldə ye tənə.
Qərib ölsəm qəbrimi
Qazın üzü vətənə.

33.

Əzizim hər ay məndən
hər həftə, hər ay məndən.
Eşq yolunda yanaram
kəsilməz haray məndən.

34.

Aşiqəm, tapdı məni
taladı, çapdı məni.
Hara qaçdım həsrətin
aradı, tapdı məni.

35.

Dağlar canım üzdü, gəl
bağrım başın üzdü, gəl.
Sənsiz cavan ömürdən
Könlüm-gözüm bezdi, gəl.

36.

Dağlar qoynun gəzmənəm
saçıma gül düzmənəm.
Sənə tək vəfalı yar
Aləm dolan gəz, mənəm.

37.

Əzizim sazağladı
havalar sazağladı.
Araz keçilməz oldu
sim yandı, saz ağladı.

38.

Əzizinəm yaradan
görür bizi yaradan.
Məzarda da qan axar
sən vurduğun yaradan.

39.

Ulusu
ulu işıq, ulu su.
Candan ayrı tutmaram
bu torpağı, ulusu.

40.

Mən aşiqəm sana, yar,
düşüb meylim sana, yar.
Yar pərişan tellərin
yara baxar, sanayar.

41.

Əzizinəm xaradı
bu - atlas, bu - xaradı.
Mərdlərin məclisində
gəl tutmayaq xar adı.

42.

Əzizinəm gülə mən
nə görmüşəm hələ mən
Əməydim bal ləblərin
bələnəydim bala mən.

43.

Aşiqəm sinən üstü
Yasdığım - sinən üstü.
Sinənə qar demənəm
Qar - soyuq, sinən - isti.

44.

Əzizinəm Nardaran
pay göndərsin nar dərən.
Dünya qəmin unudar
yar köksündən nar dərən.

45.

Aşıq dügünü qara
"sə"nin "dü" günü qara.
Fələyin oğlu olsun
gəlsin dügünü qara.

46.

Əzizinəm gül səndə
qönçə səndə, gül səndə.
Aşiqinəm, üzümə
gülməsən də, gülsən də.

47.

Aşiqəm yanar baxtım,
salar suya nar baxtım.
Bir cüt qızıl almadır
Görəsən,
ya nar - baxtım?!
Yoxsa elə samandır
od düşcək yanar baxtım?

48.

Aşiq, bəy atı məndə
əsil bəy atı məndə.
Könlü qırıq qəribəm
kövrək bayatı məndə.

49.

Əzizim gözü bağlar
məhəbbət gözü bağlar.
Yar yardan ayrı düşsə
hicrana dözüb ağlar.

50.

Mən aşiqəm, xar məni
yıxar bu qəm, xar məni.
Aləm qəhətə çıxar
tapmaz bir qəmxar məni.
Bir qəm görəsən neylər
Görənə qəm xərməni.

51.

Mən aşiqəm Mərdəkan
mərd ol, qazma mərdə kan.
Var olsun övladını
mərd yetirən, mərd əkən.

52.

Əzizim nedərmişsən
hər yola gedərmişsən.
Mən səni mərd bilirdim
namərddən betərmişsən

53.

Təbriz, yaralı Təbriz
könül saralı(r), Təbriz.
Sənsən dərdim əlacı
durma aralı, Təbriz.

54.

Mən qurban əllərinə
o tayın ellərinə
Gözümdən şeh salaydım
Təbrizin güllərinə.

55.

Vətənin gülü ağlar
Zəncanın eli ağlar.
Bu taylı bülbüllərin
o tayda gülü ağlar.

56.

Aşiqəm gülməsən də
gülsən də, gülməsən də.
Tale bizə gülmədi
Mən gülməm, sən gülsən də.

57.

Əzizinəm qanadı
Arzu - insan qanadı
Gül açdı, bülbül gördü
Sarı köksü qanadı.
Yoxsa ki, buna qədər
Nə bilirdi "qan" adı?

58.

Əzizinəm dağlandım,
Həsrət çəkdim, dağlandım.
Dağ tək insanlar görüb
qəlbiləndim, dağlandım.

59.

Əzizinəm çəkəni,
Ovarmış nəm - çəkəni.
Sən özünü öy də dur -
Dağ çəkməz mən çəkəni.

60.

Azad güllər üzəydi,
Yar telinə düzəydi.
Min bayatı dedim, kaş
Biri dildə gəzəydi.