Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Belə danışıb gülməyimə baxmayın

Belə danışıb gülməyimə baxmayın
siz məni axşamüstüləri
uşaq kimi evimiz üçün
anamın üzü, atamın səsindən ötrü
köyrələndə görün –
tanımazsınız məni, tanımazsınız vallah
(amma özümə nə qədər bənzəyirəm onda).

Baxmayın belə gülüb-danışdığıma
deyirlər hər şeyi bilir
amma bəlkə Allah da bilməz
bu qəriblikdə nələr çəkdiyimi...

Gördüyünüz hələ mən deyiləm
çox görməyin danışıb gülməyimi mənə
bilməzsiniz hər halda
necə çətin olur
ağlamalı ikən gülmək.

                                                                     1991