Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Avtomobil qəzası

Bir tərəfdə – sərxoş sürücü,
digər tərəfdə – dörd nəfərlik ailə.
Hamısı ölü.
Bir yanda xıncım-xıncım əzilmiş iki maşın,
o biri yanda – yıxılmış iki ev, iki tifaq.
Bir yolu könüllü bölüşə bilmədikləri üçün
bir ölümü paylaşıblar məcburən.
Bir az əvvəl
gicgahlarında atan al qırmızı,
                              isti qan
indi tökülüb qara, soyuq asfaltın sinəsinə.
Bayaqdan yarışdıqları o dəli küləklər
«bizi ötənin min qanadı gərək» deyə
indi təskinlik verirlər onlara,
saçlarına sığal çəkərək.
Saatlarının əqrəbləri
                     irəli getsə belə,
artıq onlar nə göstərə bilər ki,
keçmişdən başqa?!

Diri ikən dinlədikləri kasset
hələ də bitməyib,
bir oynaq hava yayılır ətrafa
sözləri də tərs kimi kefdən, səfadan.
Diqqətlə ətrafa baxanda,
nəinki sevinən şeytanın rəqsini görər,
hətta dəli qəhqəhələrini belə eşidərsən
bu həndəvərdə.

                                                               1994