Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Sənə demədimmi?

Ömür bitər, sevda qəmin
bitməz, sənə demədimmi?
Harayına bir həmdəmin
yetməz, sənə demədimmi?

"Eşqsiz ömür - hədər" dedin,
"Yetər bunca, yetər" dedim,
"Bir havadır - ötər" dedin,
"Ötməz," sənə demədimmi?

Bu dünya qanmaz mərd işi,
hər anda var min gərdişi
əyri dünya düz gedişi
getməz, sənə demədimmi?

Baxmaz bu gənclik çağına
dərddən köynək biçər sana
öz əllərin öz yaxana
yetməz, sənə demədimmi?

Azad, uyma xoş dillərə -
öz xeyrinə gedər hərə
haqqı-sayın hədər yerə
itməz, sənə demədimmi?

                                       1987