Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Gözlərin zinası

Rəsuli-Əkrəm buyurmuşdur:
Gözlərin zinası - məhrəm olmayan qadınlara şəhvətlə
baxmaqdır. Qəlbin zinası - zina təmənnası və arzusu duymaqdır. Hər cür zina - günahdır.

- Günahdır? Bunun nəyi günahdır?.. Yaraşıqlı qıza baxmaq günahdır?.. Yoxsa onu sevmək
günahdır?.. Səni də, o qızı da o bir Allah yaradıb… Heç nə günah-zad deyil. Elə adicə vəhşi heyvanlardan ibrət götür. (L.N.Tolstoy "Kazaklar" povesti, Yeroşka dayının sözləri)


Sökdü.
Baxışlarla sökdü.
Acgöz baxışlarla sökdü.
Qızı acgöz baxışlarla sökdü.
Gözəl qızı acgöz baxışlarla sökdü.
Keçən gözəl qızı acgöz baxışlarla sökdü.
Səkidən keçən gözəl qızı acgöz baxışlarla sökdü.
Qarşı səkidən keçən gözəl qızı acgöz baxışlarla sökdü.
Allahsız, dinsiz, imansız, kitabsız, ocaqsız hərif!
Yaz günü tumurcuqlayan salxım söyüdün
sarı, tel-tel budaqları kimi zərif qızı
yüzillik, nimdaş, qara-qartımış,
üzü üzlər görmüş divar kimi
çəkinmədən, üşənmədən,
"heç nə günah deyil"
deyib əsil heyyy-
vannn kimi
sökdü.

Üfunətli beyninin gizli, uzaq bir guşəsində
bu qızın saf heysiyyəti, naməhrəm bədəni ilə
ağlınıza gəlməyəcək eyş-işrətlər qurdu,
onunla bütün ayıbları işlədi,
günah almasını iri-iri, dönə-dönə dişlədi
və cücüyünə qədər yedi.
Bu gün çoxlarının addımbaşı işlədiyi
amma
öz anasının, arvadının, bacısının,
qızının başına gətirilməsini istəmədiklərinin
hamısını
bu qızın başına açdı xəyalında.
Qoca, azğın,
ağzı qara qurd
əmlik quzunu eşən kimi eşdi onu.

Unutdu o,
"gözlərin zinası -
namuslu və naməhrəm qadınlara
pis gözlə baxmaqdır" deyib
Peyğəmbərimiz.
Amma
nəyi isə unutmağımız
bir unutqanlıq şoku altında elədiklərimizə
heç vaxt
haqq qazandırammaz.

                                                                                      2002