Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Araz

                Dəniz bircə sahilli, çay iki sahillidir
                                                        (bir şairimiz)

Bir çay axır buradan
üstündəki körpü yuxudadır hələ
yuxu dadır hələ.
Fələk də qıymaz onu oyatmağa
ağır yatmaqda nə daşlarımızdan,
nə də qardaşlarımızdan
seçilməz bu körpü, seçilməz!

Bir çay axır buradan
üstündə çəkilməz həsrət dumanı
üstündən çəkilməz həsrət dumanı
keçmək istəyənə duman yol verməz,
duman üz verməz,
bu dərdi, acını Allah da götürməz,
yox, bu çay keçilməz, keçilməz!

Bir çay axır buradan
suyunda gözümüzün yaşı,
qəlbimizin qanı,
ürəyimiz o tayının təşnəsi,
yox, bu çay içilməz, içilməz!
Dərdimizlə qoşa böyüdü bu çay,
yaramızla başbaşa böyüdü bu çay,
çay olanda içməliydik,
çay olanda keçməliydik –
gecikdik.

Artıq o axmır,
nə keçmişə, nə gələcəyə,
nə sola, nə sağa, nə yuxarı, nə aşağı,
ötənlərdə qaldı onun çaylığı –
indi bir böyük ümmandır,
dərd ümmanı - sahilsiz,
içilməz artıq, keçilməz artıq...

Bir çay axır buradan,
dan yeri əvəzinə
ona dikilib gözlərimiz,
ürəyimiz o tayının təşnəsi,
gözlərimiz bu tayının çeşməsi...

                                                         1983