Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Totalitar rejim

                    Yuxular və arzuları idarə etmək imkan xaricindədir
                                                                                Bir müdrik adam.

... Tikə-tikə doğradığım adamın
qanının qoxusu burnuma dəyəndə
bir öyümək gəldi içimdən –
öz bağırtıma oyandım.
Bumbuz idi
kürəyimə yapışan tərli köynək,
yarpaq kimi əsirdi,
uçunurdu bədənim.
Qalxıb güzgüdə özümü süzdüm :
biz-biz olmuşdu tüklərim
və gözlərimə sızmışdı ölənin qanı.
Yaxşı ki, düşündüm, -
yuxuymuş.
Əl-üzümə su vurmaqdan ötrü
elə kranı açmağımı gördüm –
ovuclarım su ilə dolanacan
qulaqlarım səslə doldu, -
qapıma dolu kimi yağan yumruq səsiylə.
Açdım. İki yekəpər polisdi.
«Bizimlə gedəcəksən, haydı, geyin» dedilər,
«bu da həbsin haqda izin.
Adam öldürməkdə suçlusan.»

Verə bildiyim yeganə
«Axı harda, haçağ?» sualına
«Bu gecə. Yuxuda» cavabını alanda
daha heyrətlənmədim.
Heç siz də
heyrətlənməyin.

                                                            1985-1993