Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Qəribə qoxusu var pulların

        «Xoşbəxtlik pulda deyilsə, onu qonşunuza verin»
                                                                              Jül Renar

Qəribə qoxusu var pulların.
Bilmirsən tər qoxusudur, yoxsa...
axı hələ də zəhmətin ölçüsüdür pullar,
fərq etməz –
əli qabarlı işçinin alın təri,
ya dizləri əsən oğrunun kürəyindən
gedən soyuq tər,
qorxu təri...
Bilmirsən qan qoxusudur onlara hopan,
yoxsa...
axı hələ də onlarla batırılır qanlar
(keçmişdə qanla yuyulsa da)
alınır, satılır canlı insanlar.
Gözünüzü döyməyin –
«qan pulu» sözünü eşitməmisiniz yoxsa?!

Bilmirsən kir qoxusudur onlara hopan, yoxsa...
axı, pullar əl çirkidir həm də
lap dünən kəsilsə də.
Pullar var əski kimi –
sürtüldüyündən,
üzü üzlər gördüyündən,
pullar var əskidən də betər -
boğulmaqda olan haqqın ağzına dürtüldüyündən!

Pullar var şamşax – dik qoy,
adamdan yaxşı gəzsin, yerisin,
getsin, gətirsin,
dilə dilədiyini –
bir su içim saatda yetirsin,
xoşuna gəlməyənləri
lap aradan götürsün,
nə fərqi varmış canlı, ya cansız...

Nə qədər üzü pis olsa da
insanın bu ucuz vaxtında
xoşbəxtlik hələ ki puldadır həm də.
Odur ki, pul kisənizin ağzını açıb
yoldan ötənə paylamayın –
hələ üstəlik taleyiniz sınıqsa,
tavanınızdan damırsa,
ümidləriniz corabınız kimi yamaq-yamaqsa,
çaşıb küyə gedərsiniz,
bilməyənlər qoy bilsin –
çox baməzə kişi olub
Jül Renar.

                                                                               1991