Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Tənhalıq balladası

                 (Müəllifinin Ezop, Lafonten, Krılov və başqaları
                                       olduğu iddia edilən
                     məşhur təmsilin tənha motivləri əsasında)

… tənha adamlar tənha yelkənli tənha qayıqlarda tənha sahillərə yan aldılar, tənhalıqda gözdən itib, tənha qaldılar tənha bir ağacın tənha budağının altında, hansında ki tənha bir qarğa dimdiyində… bir tənha dükançının tənha bazardakı tənha dükanının tənha piştaxtasından tənha-tənha oğurladığı tənha pendir parçasını tək-tənha tutmuşdu; tənha adamlar tənhalıqda dayanıb tənha quşa baxırdılar tənha- tənha. Birdən bu tənha ağacın tənha budağının altından, hansında ki, tənha bir qarğa tənha oturmuşdu tənha- tənha, bir tənha tülkü keçirdi tənha. Bu tənha tülkü tənhalıqdan lap təngə gəlmişdi, odur ki, tənha qarğadan bir tənhalıq nəğməsi oxumasını xahiş etdi ki, bəlkə, aya, bu tənha qarğa - hansı ki, tənha ağacın tənha budağında oturmuşdu və nə vaxtsa tənha dükançının tənha bazardakı tənha dükanının tənha piştaxtasından tənhalıqdan canı cəzana gələn, tənhalıqda üzü bir müştəri üzü və bir gün görməyən tənha pendir parçasını əkişdirərək tənha-tənha dimdiyində tutmuşdu - öz tənhalıq nəğməsini tənha-tənha oxusa, bəlkə tənha pendir dimdikdəki tənhalığından bir yolla qurtulub özü kimi tənha yerə düşə və tənha tülkü də tənhalıqda onu dadıb tənha ləzzət apara bu fani və tənha dünyadan. Amma atalar da tənhalıqda pis buyurmayıblar ki, tənhadan tənhaya halaldır və bir də axı, tənhanın malı tənhalıqda yiyəsinə oxşamasa - hər nə qədər tənha da olsa - haramdır.
Bəli, elə ki, tənha tülkü tənha qarğadan bu ismarıcını tənha-tənha elədi, tənha qarğa bunun qarşılığında qara gözlərini tənha göylərə axıdaraq öz-özlüyündə fikirləşdi ki: "Bir halda ki, oturmuşam tənhalıqda və belə görürəm ki, bu tənhalıqda tənha bəndənin başına tənhalıqdan başqa bir iş gələ də bilməz, oxuyum da tənhalıq nəğməsini tənha tülkünün tənha xatirinə… Mən tənha dinləyicimin tənha xahişini bu tənhalıqda yerə salammanam!!!"
Amma tənha tülkü onu da unutmuşdu ki, bu tənha qarğa ondan xeyli çox qalmışdı tənhalıqda, ən azı 299 il-filan (yalan deyənə o bir olan TƏNHA qənim olsun) və bu müddətdə çox qurnaz olmuşdu, yəni yetərincə imkanı olmuşdu ki, çox fikirləşib, az kifirləşsin. Elə ona görə də tənha pendir parçasını bəri başdan kəmali-ədəblə və tənha-tənha yedi, oturduğu o tənha ağacın tənha budağının üstündəcə başladı tənhalıq nəğməsini tənha-tənha qarıldamağa. Son və tənha ümidinin tənha işartısının da beləcə yoxa çıxdığını görən ac, tənha tülkünün sarı gözləri artıq nə az, nə çox - düz dörd dənə oldu və o, bu tənhalığından da dərin, qaranlıq bir quyunun dibsiz qaranlığına və tənhalığına yumbalandı, tənha sözün qısası, - bu tənha dərddən göz-görəsi öldü, haqqın dərgahına tənhasil oldu.
Tənha adamlar bu tənha heyvanların tənhalıqda necə tənha ömür çürütdüklərini görüb, tənha yelkənləri olan tənha qayıqlara mindilər, "Daha tənha adalara doğru!" deyib, bu hər üzü tənha tənhalıqlarının tənha sahillərindən tənha-tənha uzaqlaşdılar…