Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Adam bu kimsəsizlikdə

Adam bu kimsəsizlikdə ölə bilər
bu qaranlıqda
hələ pərdələr çəkilidirsə
üstəlik, qapı da kilidlənibsə arxadan
qonşular səsini duyacaq qədər
yaxında deyilsə
kölgələr qaynaşırsa divarda
ürək
əldən düşər bu kimsəsizlikdə
yatar
bir daha oyanmadan.

Adam bir kimsəyə tapşıra bilməz
gözünü göynədən acını
yarımçıq mahnısını
və bir də
bir də… sevdasını.
Adam canını belə tapşırammaz
bu kimsəsizliyə
bu qaranlıqda.

Tapşırammaz işığı zülmətə.
Tapşırammaz.

                                                       1982