Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Həyatın olan qalan mənası

Uzun bir növbə gördük dünyaya gəlincə.
Çin səddi qədər uzun
və canlı insan divarı.
"Nə paylanır?" deyə sorduq növbədəkilərdən
maraqla.
Amma cavab gəlmədi kimsədən,
açılmadı dodaqların zəncirbəndi.
Susqun və donuqdu hamı.

Çarəsiz növbəyə durduq biz də,
"bu adamlar burada boşuna durmaz,
bildikləri bir şey var" deyə
qət etdik.
Sıramız yetişincə
ölüm növbəsinə dayandığımızı
anladıq -
hər kəs kimi biz də.

Hər şey elə tez olub bitdi ki…
Hər şey o qədər uzandı ki…

                                                                      1999