|
|
Vitrindən bir qucaq nərgiz
boylanar küçəyə boynu bükülü.
Dərilmiş çiçəklər
kəpənəksiz, çəmənsiz tez solur,
ləçəkləri tökülür.
Gözəllikləri, qoxuları nəğməli,
nəğmələrinə sevda və kədər qarışıb.
Qiymətləri yazılı üstündə –
hər kəsə satıla bilər, deməli,
azalıb ləçəklərindəki işıq.
Gözlərindən süzülər yuxuları
hələ ki ilk bahar dəmidir.
Qaba əllərdə əzilmək qorxuları,
gözəllərə qovuşmaq qayğıları
nədənsə artan kimidir.
Vitrindən bir qucaq nərgiz
boylanar günəşə, küçəyə sarı.
(Günəş – dərdlilər, dustaqlar həmdəmidir!)
Qiymətləri yazılmış üstündə –
gözəllikləri, qoxuları
nə isə artan kimidir.
1982
|
|