|
|
Nazı nənəmin ölümünə ağı
Var idi və yoxdur…
Var idi - yoxdur!
Nə idi, nə oldu, nəyə qarışdı?
Torpaqlarmı uddu, göylərmi çəkdi -
Nə idi, nə oldu, nəyə qarışdı?
Başımı qoyduğum bircə cüt dizdi,
Ömrümüz üzünün nurunda üzdü,
Bir əsrin, bir nəslin yükünə dözdü -
Nə idi, nə oldu, nəyə qarışdı?
Torpağın üstündən aşındı işıq,
Torpağın altına daşındı işıq,
Nağılsız qalmışıq, yetim qalmışıq -
Nə idi, nə oldu, nəyə qarışdı?
İtkisi yüküdür ulu dağların
Sellər, bu acını yuyun, aparın
O cür ipək qarı, çəlimsiz qarı
Nə idi, nə oldu, nəyə qarışdı?
Mavi boşluq çökdü insan yerinə…
Kim görüb nə vaxtsa gedən can dönə?!
Cavabsız qalacaq bu sual yenə -
Nə idi, nə oldu, nəyə qarışdı?
Bəlkə də qəbrinin üstündə çiçək,
ot olub,
dünyaya yenə gələcək,
otları oxşayan mehlər dinəcək:
"Nə idi, nə oldu, nəyə qarışdı?"
Var idi və yoxdur…
Var idi - yoxdur!
Kim deyir ölümün gözləri toxdur?!
Kim deyir qılıncı məndən uzaqdır?!
Kim bilir harada qırılar baxtı?!
Bizim ulduzlar da görərsən axdı,
Zülmətə qarışdı,
göyə qarışdı -
Nə idi, nə oldu, nəyə qarışdı?
1984
|
|