Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Qürbət eldə can incələr

Qürbət eldə can incələr
elinə həsrətdi, ana.
Budaqdan ayrı qönçələr
gülünə həsrətdi, ana.

Göz yaşım gölə yetdisə,
köksümdə dağlar bitdisə,
qəddim Məcnun söyüddüsə
telinə həsrətdi, ana.

Bu nə haldı, bu nə gündü,
niyə eşqim məndən döndü?!
bu saralmış rəngim indi
alına həsrətdi, ana.

Sevən könlüm, sınan könlüm
bu dünyadan dönən könlüm
qəriblikdə yanan könlüm
dilinə həsrətdi, ana.

Getməz başdan dərd dumanım,
bir kəsə gəlməz gümanım,
köynəyim tək qırış alnım
əlinə həsrətdi, ana.

                                                 1995