Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Bir sözün yolunda

Qələm olsa - deyirsən, -
kağız olsa
gecə-gündüz yazsam - deyirsən, -
nə varmış şair olmağa…

"Söz olsa" demədin heç, qardaşım,
söz olsa -
hamının dərdi,
hamının gərəyi,
könüllər dirəyi olacaq bir söz olsa
demədin heç.
Asanmı bəyəm?
Zor işdir, qardaşım, zor işdir,
yalan deyir "asandır" deyən.

O uzun gecələr sən Ay olsaydın
və üstəlik pəncərəmdən asılsaydın
görərdin nələr çəkir insan oğlu
illərlə bulammadığı
həmən o bir SÖZün yolunda…

                                                       1988