Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Bizim iş üsulumuz

Biz belə işləyirik –
beş nəfər buyruqçu əli belində,
iki nəfər fəhlə beli əlində :
«işlə, canım, işlə
işlə, quzum, işlə
Allah qüvvət versin,
yavan çörəyini yetirsin.»
Hər gün belə, hər ay belə…

Maaş vaxtına gəlincə isə –
fəhlənin əli ətəyindən uzun,
buyruqçunun ətəyi əlindən uzun
və yenə də:
«işlə, canım, işlə
işlə, quzum, işlə
Allah bərəkət versin,
ardını yetirsin,
arası kəsilməsin ruzumuzun.»

Hər ay belə, hər il belə

hər yer belə…

                                               1993