Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Balaca Günelin prezidentə məktubu

"Amerika prezidenti neytron ölümü ilə oynayır"
dedi radio.
Mənim də oyuncaqlarım var,
gəlinciyim, dovşanım, topum.
Neytron oyuncağı necə olur, prezident əmi?
Gəlincikmidir, topmudur, al-əlvanmıdır barı?
Sənin də uşaqların varmı, prezident əmi?
Onlara nağıl danışırsanmı gecələr?
O oyuncağa niyə "neytron ölümü" deyirlər?
Oyuncaq da ölüm gətirərmi heç?
Ölümlə də oynamaq olarmı?
Atam oynamaz mənim oyuncaqlarımla
"Onlar uşaqlar üçündür - deyər, -
tez böyüsünlər".

Sən hələ böyüməmisənmi, prezident əmi?

                                                                       1980