Alatoran_header  
Rəsm və qrafika > Azad Yaşar > İn-Yan spiralı



Konkret poeziya

"İn - Yan spiralı"

Buradakı
açıq (Ağ) rəngli buta (=YAN) - aktivliyin, işığın, xeyirin, pozitivliyin, yaradıcılığın, erkək enerjisinin,
tünd (Qara) rəngli buta (=İN) isə – passivli-yin, qaranlığın, şərin, neqativliyin, dağıdıcılığın, qadın (=dişi) enerjisinin simvoludur.
Ağ butada qara xalın, Qara butada isə ağ xalın varlığı bunların qarşılıqlı bağlılığına işarədir. Hər butanın bətnindəki o nüvə (toxum) artıb, bütünlükdə butanı zəbt etsə belə, yenə də butalar arasındakı mövcud tarazlıq dəyişməz qalacaqdır, çünki bu butalar biri-birini qarşılıqlı tamamlama özəlliyinə sahibdirlər.
Qədim Çin fəlsəfəsindən (b.e.ə. 6-cı yüzil) məlum olan, dairəni iki tərs butaya ayıran Dao simvoluna dekonstruktiv yanaşmaqla mən, onu statik vəziyyətdən çıxarmağa nail oldum. Əsrlərlə qapalı qalan bu dairəni spirala çevirdim.
Nəticədə gedərək açılan, böyüyən bu spiral, daxili tarazlığını saxlamaq şərtilə, sonsuzluğa qədər uzanma qabiliyyəti və yeni məna qazandı. Bundan belə qara xəttin davamı, onun özü boyda ağ xətt yaratmasına səbəb olur. Qara şəridin kəsildiyi yerdə ağ şərid də yoxa çıxır və ya tərsinə. Elə ona görədir ki, bunlardan hər hansı birinin necəlik təsbiti üçün digəri bir məhək daşı rolu oynayır və hər zaman olduğu kimi biz, yalnız İşıq (= Xeyir, Gündüz, Azadlıq) sayəsində Zülmətin (= Şərin, Gecənin, İrticanın) nə olduğunu anlayırıq.