Alatoran_header  
Rəsm və qrafika > Azad Yaşar > Torpaq,hava,od və su



    Böyük sufi şairimiz Şeyx Mahmud Şəbüstərinin
                        (1287-1320) xatirəsinə

Torpaqdan,
havadan,
oddan
sudan
yoğrulub dünyada hər qərar tutan.
Həyat – dörd ünsürün arasındakı
dövrandır
əvvəli-sonu olmadan.

Azərbaycan ədəbiyyatında ilk
konkret poeziya nümunəsi

İZAH: Qədim Şərqdə əsrlər boyu həyatın Tanrı tərəfindən od (qırmızı), torpaq (qəhvəyi), hava / yel (mavi) və su (yaşıl) kimi dörd ünsürün (çar-ənasir, yəni "çahar-ənasir") birləşməsindən yaradıldığına inam olub. Ş.M.Şəbüstərinin "Gülşəni-raz" (=Sirlər bağ(ças)ı) yuxarıda adı çəkilən sufi ruhlu əsəri də bu mövzuya həsr olunub.
Ornament, dünyanın dörd ayrı guşəsindən bir mərkəzə doğru yönələn dörd eyni fiqurun (dörd ünsürün) birləşməsi üzərində qurulub. Bu dörd fiqurun zahirən eyni biçimli verilməsi həyatın yaranması baxımından onların hər birinin eyni dərəcədə vacib və eyni güclü (bərabər) olduğuna işarədir. Onların birləşməsi nəticəsində kompozisiyanın mərkəzində yaranan dördguşəli orijinal ulduz (fırlanma fiquru) həyatın simvoludur. Şərq naxışlarında bunun bənzəri olan "günəş", (və deməli, həm də "həyat") rəmzləri çox yayğındır. Çevrədəki fiqurlar dörd ayrı istiqamətdən bir araya gəlməklə həyatı fasiləsiz (daimi, döndükcə dönən, hərəkətli) qılaraq, mərkəzdəki ulduzun fırlanmasına səbəb olurlar. Elə buna görə də həyatın özü kimi bu ornamentin də əvvəli və ya axırı, aşağısı və ya yuxarısı yoxdur. Diqqətimizi mərkəzdəki fiqura cəmləyəndə biz, kənar fiqurları nəzərdən atmış oluruq, dörd rəngli fiqura baxanda isə mərkəzdəki ulduz bizdən ötrü görünməz olur.