Alatoran_header  
Rəsm və qrafika > Azad Yaşar > Kalliqrafik profil



KALLİQRAFİK PROFİL * Hələ dahi Nəimi və Nəsiminin təmsilçiləri olduğu hürufizmə görə insanın üzündə müqəddəs ayələrin (əlbəttə, ərəb əlifbasındakı hərflərlə!) yazıldığı irəli sürülürdü. Nəsimi divanından misallara nəzər salaq: "Surətin lövhində endirdi kəlamı Cəbrəil", "Çün bizə məlum olubdur məniyi-ümmül-kitab", "Qaşındır vəhy, eynin ayətüllah", "Hüsnün hürufini mana verdi səbəq rüxün", "Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam" və sair.
Klassik ədəbiyyatımızda əlif, nun, dal, cim və s. hərflərin qrafik biçimləri ilə bağlı sonsuz metaforalarla yanaşı, hərflərin rəqəm yerində işlənməsi və sözlə hər hansı tarixin, ilin ifadəsi (Əbcəd hesabı) də geniş yayılmışdı.
İnsan profilini xatırladan bu kompozisiya uzaqdan uzağa həmin fikirlərlə səsləşsə də, əslində müəllifin ərəb əlifbasıyla yazılmış ad və soyadındakı hərflərdən qurulmuşdur. Postmodernist və dekonstruktiv mahiyyət daşıyan bu əsərdə hərf-lər birbaşa mənaya xidmət etmirlər, hərflər burada onlardan yeni məna yaratmaq üçün vasitə (alət) rolu oynamaqdadırlar, yəni artıq yazı elementi yox, təsvir (rəsm) elementi kimi işlədilmişdir. Bu baxımdan həm onların sözdəki sırasına (düzümünə), həm də horizontal və şaquli oxlar üzrə yerləşiminə yanaşım son dərəcə sərbəstdir.
Dilçilikdə strukturoloji linqvistikanın banisi olan dahi İsveçrə alimi Ferdinand de Sössür özünün "Ümumi dilçilik kursu" əsərində dili - işarələr sistemi və ixtiyari işarələr yığını elan edirdi. Oxuculara təqdim olunan bu xəttatlıq kompozisiyası özündə həm Şərqdə, həm də Qərbdə yayılmış bənzər ideyaları özündə birləşdirir.