Alatoran_header  
Əsərlər > Azər Əhmədov > Bir məclisdə on iki kişinin söhbəti

Hamı Nüsrətgili gözləyirdi.
Bayaqdan Əlinin uçotaqlı yığcam mənzilini şən musiqi, şaqraq gülüş səsləri başına götürmüşdü.
Cavan qadınlar - Nənsi, Olya, professorun arvadı - mətbəxdə son hazırlıq işlərini görürdülər. Professorun arvadı yenə də əsas biş-düş məsələlərinə nəzarəti üstünə götürmüşdü. Nənsi salat hazırlayırdı: kolbasadan, pendirdən, xiyardan nazik-nazik doğrayıb arxayın-arxayın böyük nimçənin kənarlarına düzürdü. Olya da, -aa, oçen daje xoroşo, oçen vkusno, - deyə-deyə stoliçnıy salatin, dolmanın, aşqaranın, professorun arvadının evdə bişirib gətirdiyi paxlavanın dadına baxırdi.
Qonaq otağinda Ira yenə də yayxanmışdi kresloya ve Tobiklə yenə də yayda getdikləri, gördükləri yerlərdən danışırdılar, özləri ilə gətirdikləri şəkilləri bir-birlərinə göstərirdilər (Bu yay Tobikgil Irlandiyaya, Iragilsə Karib adalarına getmişdilər).
Əli ilə professor isə balkonda ölkənin müxtəlif yerlərindən Nənsiyə gələn iş təkliflərini müzakirə edirdilər. Əli professordan məsləhət alırdı, professor da Əliyə məsləhət verirdi ki, Nənsi hara getsələr Əlinin ailəsi üçün daha münasibdir, harda hava yaxşıdır, insanlar daha mədənidir, bazar-dükan sarıdan işlər daha asandır, və sairə, və ilaxır, ancaq Əli də, professor da yüz faiz bilirdilər ki, bütün bu müzakirələr, söz-söhbətlər hamısı boş və mənasızdır, çünki Nənsi özü hara istəsə, ora da gedəcək.
Yandakı balaca otaqda Qriqori Vasilyeviç Laloçkayla söhbət edə-edə yenə də aldığı oyuncaq hədiyyənin ``mexanizmini'' Laloçkaya başa salırdı. Qriqori Vasilyeviç hər il Laloçkaya oyuncaq hədiyyəsi alırdı (zərfdə də əlli dollar pul qoyurdu) və həmişə də aldığı oyuncaq haqda uzun-uzadı izahat verirdi və hamı da bilirdi ki, Qriqori Vasilyeviçin məqsədi oyuncaq haqda izahat vermək deyil, sadəcə, oyuncaqla oynamaq Qriqori Vasilyeviçə ləzzət verir və bəlkə də Ira imkan versəydi, Qriqori Vasilyeviç bütün gününü oyuncaq oynatmaqla keçirərdi. Professorun da ağlına belə bir fikir gəlmişdi; Qriqori Vasilyeviçin oyuncağa olan həvəsinin əsas səbəbi budur ki, o, bütün ömrü boyu, yəni gəncliyindən pensiyaya çıxana qəder, avtomobil təmirçisi işləyib.
- Nusrat priyedet so svoyey jenoy i doçkoy. Olya, ta jenşhina o kotoroy Ya tebe rasskazival, ona ne evo jena a prosto evo podruga. Tak şto, budte ostorojno.
Əlinin bu xəbərdarlığından sonra yenə də mətbəxi, qonaq otağını gülüş səsləri bürümüşdü və Əli indi həm də imkan tapıb maqnitofondakı kasseti də dəyişmişdi, Rübabə Muradova oxuyurdu:

Məni Məcnunə, Fərhadə bərabər tutma
Mən onlardan da hünərlə keçərəm canımdan.

Beləcə hər il, artıq beşinci il idi ki, bu dörd ər-arvad, səkkiz adam - Əli-Nənsi, Tobik-Olya, Qriqori Vasilyeviç-Ira və professor-arvadı - Əlinin tək övladı Laloçkanın ad gününə yığışırdılar.
Bir-birləri ilə il ərzində çox az görüşərdilər, əslində heç görüşməzdilər; təkcə Əli hərdən professorgilə, hərdən Tobikgilə, hərdən də Qriqori Vasilyeviçgilə baş çəkərdi, birindən o birisinə xəbər aparardı. Amma hamı bilirdi ki, ilin bir günündə, hər il sentyabr ayının sonuncu bazar günü, Əligilə yığışacaqlar və hamı da həvəslə gəlirdi bu ad günlərinə, ad günləri də həmişə çox şən və maraqlı keçirdi, hamı da zövq alırdı bu yığıncaqlardan.
Maraqlıdır ki, hər il Əligil başqa bir ailəni də dəvət edirdilər, ancaq nəsə bu ailə bu qonaqlıqdakı adamlara yapışmırdı və gələn il başqa bir ailə gəlirdi, və o biri il daha başqa bir ailə və sairə.
Bu adamların da hamısı indiyə qədər professorun yadındaydı. Məsəlçün, keçən il bir Bosniyalı ər-arvad dəvət olunmuşdu və onlar da, Bosniya qalmışdı bir tərəfə, başlamışdılar Israil-Fələstin konflikti barədə Qriqori Vasilyeviç və Irayla qızğın mübahisə eləməyə. Ondan əvvəlki il bir rus ər-arvad çağırılmışdı və Əli də, adəti üzrə, yenə də udmurtlardan anekdotlar danışanda məlum olmuşdu ki, arvad çuvaşdır və Əlidən də möhkəm incimişdi. Ondan da əvvəlki il bir afrikalı ər-arvad idi. Arvad ingiliscə bir az danışırdı amma onun danışdığını heç Nənsi də başa düşməmişdi. Ər isə vaxtilə Moskvada oxumuşdu və, -da, da, dolma, ya znayu, oçen xoroşo znayu, - deyə-deyə qabağındakı yarpaq dolmalarını lombultu ilə içəri ötürüb qurtarandan sonra başlamışdı sarımsaqlı qatığı xörək qaşığı ilə qaşıqlamağa.
Bu qayda ilə hər təzə ailə məclislə ayaqlaşmayıb sıradan çıxırdı və gələn il yenisi ilə əvəz olunurdu. Qalan hər şey isə əvvəlki kimi qalırdı, hətta yeməklər də (o cümlədən paxlava), evin bəzək-düzəyi də, maqnitofonda oxudulan kassetlər də eynən keçən ilki kimi idi.
Və maraqlı idi ki, bu eynilik heç kimi sıxmırdı, heç kimə darıxdırıcı görünmürdü, əksinə, hamı bir il ərzində elə bil bu eynilik üçün darıxırdı, həsrətini çəkirdi bu yeknəsəkliyin.
Ancaq bir dəyişiklik yenə də vardı və deyəsən professordan başqa heç kəs buna fikir verməmişdi. Bu dəyişiklik də ondan ibarət idi ki, hər il dəvət olunan qonaqlar Nənsinin tanışları idilər, daha doğrusu iş yoldaşları. Hamısı elə Nənsinin indiyə qədər işlədiyi laboratoriyanın işçiləriydilər. Bu il isə Əlinin dostları, Nüsretgil dəvət olunmuşdu ve Nüsrət də laboratoriyada-zadda işləmirdi, Bruklində balaca bir otaq kirələyib orda bərbərlik edirdi.
Və bir fərq daha vardı amma bu fərq o qədər boyük idi ki, nəinki professor, hətta bütün qonaqlar qapıdan içəri girən kimi, elə o dəqiqə, bu fərqi hiss etmişdilər. Məsələ burasında idi ki, Əlinin qızı Laloçka daha əvvəlki Laloçka deyildi, yəni Laloçka daha uşaq deyildi, boyümüşdü. Düzdür, Laloçka heç keçən il də uşaq deyildi, heç inişil də uşaq deyildi, amma qonaqların xətrinə özünü uşaqliğa vururdu, əyləndirirdi qonaqları; hədiyyələri görəndə, -aa, bunlar nə gəşəng şeylərdir, -deyib qışqırırdı, məktəblərində guya hamıdan yaxşı oxuduğundan, üstəlik də basketbol oynamağından fəxrlə danışırdı və Əli də sevinirdi:
-Lalə, de görüm, iyirmi beş, üstə gəl iyirmi beş, neçə eləyir?
- Alli.
- Yaxşı, iyirmi beş, üstünə gəl iyirmi beş, üstünə birdə bir iyirmi beş gəl.
- Yedmış beş.
-Okey. Dvadsat pyat plyus dvadsat pyat?
-Pıyat Desyat.
-Adə görürsüz, belə qız var Amerikada? Üç dildə matematika eləyir e səninçün, var belə qız? Göstərin də mənə belə qız varsa...
Amma bu dəfə Laloçkanın elə salamlaşmağından, oturuşundan-duruşundan, qaşına-gözünə əl gəzdirməsindən və ən çox da geyimindən hamı başa düşmüşdü ki, Lalə daha uşaq deyil, Lalə böyüyüb (qisa yubka ve göbəyi açıq qısa kofta geymişdi, və əslində göbəyi bağlıydı, amma göbəkdən tutmuş ta aşağıdakı məlum yerin yaxınlığına qədər açıq idi və professor da təəccüblənmişdi ki, demək göbəklə məlum yerin arasinda hələ xeyli məsafə var, təəccüblənmişdi ki, necə olub, indiyə qədər buna fikir verməyib).
Qapının zənqi çalındı.
-Adə, gör kim gəlib. Xoş gəlmisən, ay Nüsrət. Buyurun keçin içəri. Bəs arvad-uşaq hanı?
-Oni s maşinoy, zaderjalis v probke. Ya im skazal çto davayte, metroynan gedək, qulaq asırlar ki. Hindi on-on beş dəqiqəyə gəlirlər. Ya uje reşil podnimatsya vverx, a to camaat gözləyir, əyibdir. Qoy bir də zəng eləyim.
Cibinden telefonu çıxardıb nömrəni yığdı, iki dəfə, -beybi kol mi, beybi kol mi,- dedi, sonra telefonu bağlayıb cibine qoydu, hamı ilə əl verib görüşə-görüşə keçib masanın baş tərəfində əyləşdi və Əlinin işarəsi ilə artıq bütün qonaqlar yeməyə oturdu.
Hamı şən ovqatda idi, hamı deyib gülürdü və Nənsinin də kefi çox kök idi, bu gün də hamıdan çox elə o danışırdı, hamıdan çox deyib-gülən də bəlkə elə Nənsiydi.Üstəlik də Nənsi qonaqlara da yaxşıca qulluq edirdi; kimin əli nəyə çatmırdısa kömək eləyirdi, balıq salatı istəyənə balıq salatı verirdi, meyvə şirəsi istəyənin istəkanına meyvə şirəsi süzürdü. Və insafən, Nənsi heç pis arvad deyildi. Pis arvad deyildi, deyəndə ki, pis qadın deyildi, amma əlbəttə, Nənsi bu evdə arvadlıq eləmirdi: evin bütün biş-düşü, dükan-bazarı, təmizliyi, Laloçkanı hər səhər tezdən yedirib-içirdib məktəbə yola salmaq, hər günorta məktəbdən götürmək, bütün bu işlər hamısı Əlinin boynundaydı. Nənsi hər səhər saat yeddidə Əlinin onun üçün dəmlədiyi çaydan içib, bişirdiyi qayqanaqdan yeyib işə gedirdi və bir də axşam saat altıda və hərdən də, xüsusi bir işi olanda, daha gec, işdən qayıdırdı. Əli də səhərlər bala-bala evin təsərrüfatı ilə məşğul olurdu, günortaya Laloçkaya səndviçdən-zaddan düzəldirdi ve sonra da başlayırdı axşam yeməyinə hazırlıq görməyə ki, saat düz altı sıfır sıfırda axşam yeməyi hazır olsun, çünki Nənsi dəqiqliyi sevirdi.
Söhbətin bu yerində biz Əlinin özü haqda bir haşiyə çıxmaq istəyirik və əslində bu haşiyəni biz gərək bayaq, Rübabə Muradovanın oxumasını yada salanda çıxaydıq. Məsələ burasındadır ki, Əli Azərbaycan musiqisini çox sevirdi; həm xalq mahnılarımızı, həm də hörmətli bəstəkarlarımızın bəstələdikləri gözəl mahnıları həm dinləməyi sevirdi, həm də hərdən bu mahnıları özü üçün zümzümə eləyirdi.Və ümumiyyətlə, Əli Azərbaycana daxilən çox bağlı bir adam idi. Öz bircə balasını da azərbaycanlı ruhunda böyütməyə çalışmışdı və Nənsi də mane olmamışdı buna, əksinə, Nənsinin xoşuna gəlirdi ki, Laloçka azərbaycan dilində danışa bilir, Nənsi də, Əli də çox sevinirdilər buna. Amma di gəl, Azerbaycanı bu qədər istəməsinə baxmayaraq, Əli artıq on iki il idi ki, bir dəfə də olsun Bakıya getməmişdi.
Və Əlinin Bakıya getməməsinin üç əsas səbəbi vardı:
Birincisi, Əlinin Bakıya gedib-gəlmək üçün imkanı yox idi, çünki getsəydi, gərək Nənsiylə Laloçkanı da özüylə aparaydı, bu da, aydın məsələdir ki, xərc tələb edən işdi.
Ikincisi, Əlinin Bakıda üstünə gediləsi heç adamı yox idi. Düz elə on iki il bundan qabaq Əlinin qardaşını alver üstündə bıçaqlayıb öldürmüşdülər və Əlinin anası da oğlunun faciəsinə dözməmişdi, az sonra o da ömrünü bağışlamışdı Əliyə. Bundan sonra Əlinin Bakıda tək bir bacısı qalmışdı, amma Əli kömək edib bacısını da Amerikaya gətirtmişdi. Və bunu əslində Əli yox, Nənsi eləmişdi, çünki kimisə Amerikaya gətirtmək və burda ona yaşıl kard aldırmaq, aydın məsələdir ki, asan iş deyildi, amma Nənsi bunun üçün çoxlu sənəd-sünəd düzəltmişdi, lap məhkəməyə qədər gedib çıxmışdı, və ən əsası, Əlinin bacısı Məryəm üçün çox faciləli bir uydurma uydurmuşdu.
Məsələ beləydi ki, Məryəmin əri sağlığında çox içən imiş və üstəlik də ürəyi xəstəymiş. Ve bir gün, özü də 1990-cı ilin yanvar ayında, xəbər gəlmişdi ki, Məryəmin ərini küçədə infakt vurub və kişi elə küçədəcə tirtap yıxılıb ölüb.
Nənsi bu hadisəni öz təxəyyülünün gücünə dəyişib belə yozmuşdu ki, guya Məryəmin əri o vaxt Bakıdan köçən ermənilərə kömək edirmiş və bu səbəbdən də azərbaycanlılar tərəfindən öldürülüb və guya bu hadisədən sonra da düz üç il Məryəmin və qızının həyatı təhlükədə olub, ta o vaxta qədər ki, bir gün ikisi də imkan tapıb ölkədən qaçıblar.
Bunlar hamısı Nənsinin ideyası idi, ve ölüm hadisəsisinin bu cür yozumu Əlinin xoşuna gəlməsə də (Əli ilə Məryəmin əri Ələkbər bir-birlərinin xətrin çox istəyirlərmiş, indi istəməsinlər) amma bacısının xətrinə razı olmuşdu və indi də, allaha şükür, Məryəm də, qızı da, artıq vətəndaşlıq almışdılar və özləri də Pensilvaniya ştatının balaca bir şəhərində yaşayırdılar, gün-güzəranları da babat idi.
Və bacısını da beləcə gətirəndən sonra Əlinin Bakıda daha ürək qızdırası bir yaxın adamı qalmamışdı.
Bakıya getməməyin üçüncü bir səbəbi də vardı və bu səbəb bəzilərinə qəribə görunə bilər, amma Əli üçün çox ciddi bir səbəb idi və hətta o dərəcədə ki, bu səbəbin yanında o biri ikisi daha çox bəhanəyə oxşayırdı.
Əli ləzgiydi və sonuncu dəfə Bakıda olanda Əli hər yerdə Türkiyənin təsirini görmüşdü. Baxıb görmüşdü ki, camaat daha başlayıb özlərini oxşadırlar türkiyəlilərə, qəzeti açırsan Türkiyədən yazır, jurnalı açırsan türkləşməkdən yazır, azərbaycan dili dönüb olub türk dili, əlifbanı da dəyişib eləyiblər türk əlifbası. Televiziya və radioda da Rəşid Behbudovun, Şövkət Ələkbərovanın yerinə ibrahim tatlısəslər, ebru gundeşlər oxuyur və bunlar hamısı Əlinin kefini çox pozmuşdu və Əli elə o vaxtdan ölkədən küsən olmuşdu. Özünə də söz vermişdi ki, bir də heç vaxt Bakıya getməyəcək və indi taleyini birdəfəlik bağlamışdı Amerikaya, bilirdi ki, öləndə də burda basdırılacaq. Düzdür, istəmirdi bunu, amma daha kim idi Əlinin meyitini aparıb Bakıda basdıran, arvadı burda, uşağı burda, bacısı burda...
Və Əlinin bir çətinliyi də var idi ki, çoxdan Amerikada yaşasa da hələ də ingilis dilində yaxşı danışa bilmirdi və bu səbəbdən, bəlkə də, özünə fərli bir iş tapa bilməmişdi. Bir az özünü oda-közə vurmuşdu, tanış-bilişə ağız açmışdı, -adə, yox ee, yox, mən iş tapacam, mən Moskvanı dağıdırdım, indi Amerikada deyirsən iş tapmayacam? - deyə-deyə çox qapılar döymüşdü, amma sonra Nənsiyə də, Əliyə də aydın olmuş du ki, daha bu yaşda, Əlinin nəsə sərfəli bir iş tapması mümkün olmayacaq, və yaxşısı budur, Əli elə otursun evdə, ev-eşiyə baxsın, Nənsi də işləyib ailəni dolnadırsın.
Bu səbəbdən də Nənsini ev işlərinə fikir verməməkdə günahlandırmaq, əlbəttə ki, insafsızlıq olardı, çünki Nənsi işləyirdi, pul qazanırdı, Əlini, Laloçkanı O saxlayırdı.
Nənsini bəlkə bir səbəbə görə günahlandırmaq olardı ki, Nənsi hərdən çox əsəbi olurdu və camaatın içində Əliyə elə çımxırırdı ki, elə sözlər deyirdi ki, Əli xəcalətindən başını soxmağa deşik axtarırdı. Və belə vəziyyətlərdə Nənsinin qırımından burdakı qonaqların hamısı (Nüsrətdən başqa) başa düşmüşdü ki, təklikdə olanda Nənsi Əlinin üstünə qışqırmaqdan o tərəfə də keçir, məsəlçün, istəsə, lap Əlinin dalına təpik də atar və hətta Əlini ayaqlarının altına salıb tapdalayar da.
Bunu hamı belə zənn ediridi, amma professor bunun belə olduğunu dəqiq bilirdi, çünki bir dəfə Əli professorgilə gəlmişdi, stol arxasında oturub yunan arağından içə-içə yemək yeyirdilər, maqintofonda da Qədir Rüstəmov oxuyurdu. Və Əli necə kövrəlmişdisə professora öz gün-güzəranından bəzi mətləbləri anlatmışdı və, -mənim bəxtim bu şəhərin qaraları kimi qaradır,- deyib ağlamışdı və onun belə ağlamağı bir tərəfdən, o biri tərəfdən də Qədir Rüstəmovun yanıqlı səsi professorun da yadına nədənsə Qarabağda işğal olunub darmadağın dağıdılmış kəndlərini salmışdı və professor da Əliyə qoşulub möhkəmcə kövrəlmişdi.
Bütün bunlara baxmayaraq, yuxarıda ərz elədiyimiz kimi, Nənsi pis qadın deyildi və əslində çox da yaxşı qadın idi, necə ki, biz bunu da bayaq konkret misallar çəkməklə sübut elədik.
Və yaxşı qadın olmağından başqa, Nənsi həm də maraqlı bir qadın idi. Məsəlçün, Nənsi ekzotikanı çox sevirdi, bu səbəbdən də elə dünyanın çoxlu ekzotik mədəniyyətli ölkələrini gəzib dolaşmışdı, hər getdiyi yerdən də yadigar olaraq özü ilə nəsə bir şey gətirmişdi və indi Əligilin evindəki böyük bir şkaf Nənsinin bu ölkələrdən gətirdiyi müxtəlif suvenirlərlə - Özbəkistandan gətirilmiş araxçın, Çindən gətirilmiş əjdaha başı, Nepaldan gətirilmiş rus matryoşkaları kimi bir-birinin içinə yerləşdirilən sümük fil oyuncaqları, Sudandan gətirilmiş heykəlciklər, Kenyadan gətirilmiş meymun kəlləsi, Gürcustandan gətirilmiş çaxır içmək üçün buynuz, Zimbabvedən gətirilmiş həqiqi kərgədan buynuzu və sairə ilə dolu idi, və aydın məsələdir ki, hər il ad gününə yığışan qonaqlar, hər şeydən əvvəl, bu şkafın qarşısında dayanıb bu zəngin kolleksiyaya tamaşa edirdilər (toxunmamaq sərti ilə) və belə vaxtlarda professora hərdən elə gəlirdi ki, Nənsi özünə ər seçəndə də ekzotik bir ər axtarıb tapmaq istəyirmiş ki, indi Əlinin özü də Nənsi üçün bir suvenir idi, bu kolleksiyanın maraqlı bir eksponatıydı.
Nənsinin başqa bir maraqlı xasiyyəti də vardı, həm də bu xasiyyət Nənsinin Əliylə həm tanış olmalarında, həm də aralarında möhkəm dostluq, ülfət yaranmasında və sonradan da evlənib ailə qurmalarında çox əhəmiyyətli bir rol oynamışdı.
Məsələ beləydi ki, Nənsi ölürdü pomidor-bibər-badımcan dolmasından ötrü. Ən hirsli vaxtlarında belə, görəndə ki, Əli axşama pomidor-bibər-badımcan dolması hazırlayıb, Nənsi o dəqiqə yumşalıb muma dönürdü və həmin axş am Əli ilə Nənsi arasında xüsusi bir mehribançılıq olurdu.
Pomidor, bibər də, dünyanın bəlkə hər yerində olduğu kimi, burda da bol idi, amma badımcanın işi qəliz idi. Əslində badımcan da bol idi, amma bu badımcanlar dolmalıq badımcanlar deyildi, çox iri idilər və Nyu Yorkda yaşayan hər bir adam sizə təsdiq edə bilər ki, bu şəhərdə balaca, kulturnı badımcan tapmaq elə də asan iş deyil, və bu səbəbdən də, Əli Nyu-Yorkun Kvins əyaletinde bir tanış tapmış dı və həftədə azı bir dəfə gedib o tanışının dükanından təzə dolmalıq badımcanlar götürürdü ki, həmişə evdə ehtiyat badımcanları olsun.
Qapının zəngi yenə çalındı.
- Xoş gəlmisiz, buyurun, buyurun. Niyə belə gec gəldiz?
- Fira, oçen priyatno.
- Nara, nays tu miit yu.
Gələnlər Nüsrətin külfətiydi. Məclis əhli ilə salamlaşıb stolun başında bayaqdan onlar üçün ayrılmış yerlərinə keçdilər.
Məclissə artıq qızışmışdı və məclisin qızışmağını ondan bilmək olurdu ki, hər il olduğu kimi, yenə də Qriqori Vasilyeviç dəm idi və Ira da onun sözlərinə tez-tez düzəlişlər verirdi, yenə də Olya çox içdiyinə görə Tobiklə dalaşmışdı və yenə də hamı öz əvvəlki yerini dəyişib başqa yerdə oturmuşdu və məclis bölünmüşdü üç-dörd xırda kampaniyaya. Bircə Nüsrət öz əvvəlki yerindəydi və indi öz külfətini də başına yığıb oturmuşdu stolun baş tərəfində. Stolun bu biri başında isə professor, Əli və Tobik çaxırdan, konyakdan gillədirdilər.
- Usta, sənə lazımdı azərbaycanca danışmaq. Bax, mən nə qədər əziyyət çəkdim Laləni öyrədənə qədər, indi ikimiz də hər gün azərbaycanca danışırıq, yoxsa mən azərbaycan dilin çoxdan yaddan çıxartmısdım. Sənə lazımdı pastayannı danışmaq. Prəktis, prəktis, prəktis.
- Alə, mən kimiynen danışım azərbaycan dilin, bu tupoy Olyayla? Olya da talant var bəyəm azərbaycanca danışa?...
Tobikin əsl adı Təvəkgül idi. Köklü-köməcli bakılı idi, daha doğrusu, Nardaranlı. Əli ilə uşaqlıdan bir-birlərini tanıyırdılar; Əli Əzim Əzimzadədə oxuduğu vaxt Tobik Asəf Zeynallıda oxuyurdu.
Sonra Əli Bakıda qalmışdı, Tobiksə Moskvaya gəlmişdi, Moskva konservatoriyasında oxumuşdu.
Saksofonçuydu. Bakıda o vaxt saksofon çalmaqda tayı-bərabəri yoxuymuş və Əlinin dediyinə görə , Moskvanın özündə də hələm-hələm adamlar Tobik kimi saksofon çala bilməzmiş . Və Tobikin belə bir vaxtında qarşısına Olya çıxmışdı, bir-birlərini sevmişdilər, evlənmişdilər. Daha sonra Tobik konservatoriyanı bitirmişdi və yenə də öz talantının gücünə bir caz orkestrində işə düzəlib işləmişdi. Səhərdən axşamacan da caz çalırdı, istəyirdi ki, böyük sənətkar olsun, Parker kimi, Koltreyn kimi, və Olya da inanırdı ki, bir gün gələcək, Tobik məşhur saksafonçu olacaq, çünki Tobikin bu zirvəyə çatmaq üçün talantı, təcrübəsi vardı.
Amma Tobikin problemi də vardı: içkiyə qurşanmışdı. Iş o yerə gəlib çatmışdı ki, Tobik çox vaxt məşqlərə də lül-qəmbər sərxoş gəlirdi və orkestrin də işi pozulurdu. Amma yenə də hörmət edirdilər Tobikə, işdən çıxarmırdılar Bir dəfə isə, orkestrin rəsmi konsertində, Tobik yenə də dəm, özü də ön cərgədə saksafon çaldığı yerdə qusmaq tutmuşdu onu və çox çalışmışdı özünü saxlasın, bacarmamışdı və elə camaatın gözünün önündəcə saksofonu ağzından çıxarıb qusmuşdu saksofonun içinə.
Bu hadisədən sonra Tobik iki il işsiz qalmışdı, amma Olya atmamışdı onu, hər ikisi Olyanın ata-anasının podmoskovyedəki evlərində yaşamaışdılar, Olya hətta bir orta məktəbdə işə düzəlib işləmişdi də.
Sonra Tobikin bir yəhudi musiqiçi dostu ona Amerikaya gəlməyə kömək eləmişdi: əvvəl Tobiki Moskvada bir yəhudi rabbinlə tanış eləmişdi ve o yəhudi rabbin də cəmisi beşcə yüz manata həm Tobiki, həm də Olyanı yəhudi dininə qəbul elətdirmişdi və beləliklə, Tobik - Təvəkgül Firudun oğlu Məmmədəliyev - dönüb olmuş du Tal Furman. Sonra da elə o yəhudi dostu sənəd-sünəd işlərində yardımçı olmuşdu, ustəlik, Bruklindəki baqqal dükanlarının birində Tobikə iş də tapmışdı.
-Nüsrət müəllim, bilirəm müəllim deyilsən, zavuçsan, zəhmət olmasa, o çaxır şüşəsini biz tərəfə ötürün.
Əli yenə zaraftından galmırdı və ümumiyyətlə, Əli çox baməzə adam idi, amma biz bu nağılımızda hər cürə ciddi və hətta ağlamalı mətləblərdən danışa-danışa Əlinin baməzəliyi haqda bir kəlmə də söz deyə bilməmişik.
-Sənin sağlığına, Nüsrət müəllim. Tobik, davayte, rumkaları götürün, professor, sən də, içirik şəxsən Nüsrət müəllimin sağlığına.
-Nüsrət, liçni sənin sağlığuva. Potomu şto tı velikiy çelovek. U tebya v serdtse lyubov i koqda çelovek lyubit, i nevajno kovo, qlavnoye şto v evo serdtse lyubov, toqda znaçit on velikiy çelovek. Kişi adamsan, sənin sağlığuva.
Sonra üçü də birdən qədəhlərini başlarına çekdilər və axıracan içdilər, sonra da dönüb Nüsrətə baxdılar.
Nüsrət də stolun o başından qədəhini konyakla doldurub
-Za nas s vami, za naşu drujbu, dedi və qədəhini başına çəkib o da bir damcı içki qoymadı qala, hamısını içdi.
Olya artıq Tobikin içməsinə fikir vermirdi (hər il də belə olurdu), bir qırağa çəkilib Qriqori Vasilyeviç və Nənsi ilə söhbət edirdilər. Söhbətin movzusu da həmişə olduğu kimi yenə də Moskvaydi.
Moskva hər üçü üçün əziz bir şəhər idi. Nənsi dörd il yaşamışdı Moskvada, Əliylə də elə orda tanış olub evlənmişdilər. Qriqori Vasilyeviç də Irayla iyirmi beş il bundan qabaq Amerikaya gələnə qədər bütün ömürlərini Moskvada yaşamısdılar. Və indi hər üçü üçün Moskvadan danışmağa söz, xatirə çox idi, amma illər keçdikcə bu xatirələr də köhnəlib-köhnəlib tutqunlaşırdı, canlılığını itirirdi; elə bil bu xatirələrdə daha heç bir isti nəfəs, heç bir hərəkət qalmamışdı, donuq fraqmentlərə dönmüşdü xatirələr...
Professorun arvadı, Ira və Fira isə bir kampaniyaydılar.
-Oçen interesno, mı toje dvadsat pyat let nazad immiqrirovali. No mı syuda priyexali ne po yevreyskoy linii. Xotya u nas bıli yevreyskiyi plemyanniki. Naprimer, moya sestra vışla zamuj za... znaçit yeyo muj... i evo, znaçit, dvoyurodnaya sestra, vot ona poluyevreyka.
Beləcə Fira bayaqdan Amerikaya gəlmələrinin çox qəliz və bir az da şübhəli tarixçəsini danışırdı və o da məlum olmuşdu ki, gəldikləri iyirmi beş il ərzində Nüsrət bir dəfə də olsun Bakıya qayıtmayıb (Fira demədi niyə) və Firanin özü də cəmisi bircə dəfə, on beş il bundan qabaq, Bakıya gedib, amma o vaxt Bakının küçələri o qədər çirkli olub ki, Bakıdakı adamların kulturaları o qədər aşağı olub ki, Fira az qalıb orda ölə, və yaxşı ki, ölməyib, sağ-salamat qayıdıb gəlib Amerikaya.
Professorun arvadı da bu söhbətdən sonra Fira ilə möhkəm mübahisəyə girişdi ve dedi ki, Bakının ən çirkli küçələri də Nyu-Yorkun metrolarından çirkli ola bilməz, və Bakıdakı adamlar da çox mədənidir, və dünyagörüşləri də amerikalılara nisbətən daha genişdir və ümumiyyətlə, Amerikada dərin heç bir mədəniyyət yoxdur; Amerika mədəniyyətində dərin bircə şey var, o da caz musiqisidir, amma bunu da qaralar yaradıb.
Bu caz məsələsi, əlbəttə ki, professorun sözləriyidi və arvadının ondan sitat gətirməsinə professor nədənsə bərk sevindi. Ayrı vaxt olsaydı professorun heç xoşuna gəlməzdi arvadının mübahisə eləməsi, o dəqiqə işarə verərdi ki, bəsdir, camaatın evində nəyə lazımdır belə söz-söhbət, amma indi professor arvadına elə bil ayrı gözlə baxırdı və hiss eləyirdi ki, arvadı nə eləyirsə, nə deyirsə, hamısı professorun xoşuna gəlir ve professor öz gəşəng, sarışın, gözəl-göyçək arvadına baxa-baxa öz-özünə, -qurban olum sənə, ay ana, -deyirdi, -sən bu qızı hardan tapdın mənimçün. Bu qız belə ali təhsilli, qəşəngdir, gözəl-göyçəkdir, mənə gül kimi, tər-təmiz ev-eşik saxlayır, işə gedəndə çantama yemək qoyur, azarlayanda başıma fır-fır fırlanır ve üstəlik də belə ağıllıdır, məclislərdə dil-dil ötür, Azerbaycanı təbliğ eləyir.
Və professorun belə sevincək olmasının səbəbi təkcə elə yuxarıdakı sadaladığımız səbəblər deyildi, yaxud da arvadının ondan sitat gətirib kefini bir az da durultması deyildi. Məsələ burasında idi ki, professorun sevgi məsələlərində heç vaxt bəxti gətirmirdi və anası professora bu qızı tapana qədər, bir allah şahiddir ki, professorun başına nə oyunlar gəlmişdi.
Hələ Bakıda oxuduğu vaxt professor bir qıza aşiq olmuşdu, ve əvvəl-əvvəl o qıza heç nə deməmişdi, çünki fikirləşmişdi ki, əsl sevgi ilə seks arasında heç bir əlaqə yoxdur, əsl sevgi gərək təmənnasız ola, kiməsə , -mən səni sevirəm, -deməyin nə mə nası var? Amma sonra dözə bilməyib ürəyini açmışdı qıza və qız da professora elə cavab vermiışdi ki, professor heç nə başa düşməmişdi, bilməmişdi "hə" deyir, yoxsa "yox" deyir. Sonra da düz altı ay professor bu qızın dalinca əsir-yesir olmuşdu; qızsa professorla gizlənpaç oynaya-oynaya axırda "yox" demişdi.
Bundan sonra professoru il yarımlığa Naxçıvana əsgərliyə aparmış dılar, və qayıdandan sonra da professor axtarıb tapmışdı qızı, amma məlum olmuşdu ki, qız artıq bir xarici şirkətdə işə düzəlib işləyir və bu gün-sabah da yaşı əllidən yuxarı olan bir ingilisə ərə gedəcək.
Bu xəbəri eşidəndə professor əvvəl istəmişdi özünü öldürə, sonra fikrini dəyişib qızı öldürmək istəmişdi, və sonra da fikirləşmişdi ki, nə özünü öldürsün, nə qızı, yaxşısı budur, tutub elə ingilisi öldürsün, amma axırda bunların heç birini eləməmişdi və həmin axşamüstü kor-peşman qayıtmışdı evlərinə və anasını qucaqlayıb hönkür-hönkür ağlamışdı.
Bunun üstündən üç il keçəndən sonra professor yarıfransız-yarıərəb və doğrudan da çox intelligent söhbətlər eləyən və özü də papiros çəkən bir qızla tanış olmuşdu, və bu qızla çox yazışmışdı, çox zəngləşmişdi, və bir gecə, elə bu Nyu-Yorkdakı bahalı otellərin birində, iş işdən keçəndən sonra, qız professoru agah eləmişdi ki, bəs nişanlısı var, San-Fransiskoda kompüter biznesində işləyir və hətta iki həftədən sonra evlənəsidirlər. Ancaq qız onu da demişdi ki, professoru ən təmiz, ən ülvi bir məhəbbətlə sevir, çünki professorun tər-təmiz ürəyi var, və həm də bu ürək adi bir ürək deyil, bu ürək bir şərqli ürəyidir və qız indi bu yataqda, professorun qucağında olanda, başını professorun sinəsinə qoyanda bu ürəyi bütün varlığı ilə duyur və bilir ki, onu bu ürək qədər heç kim sevə bilməz. Və qız da professoru həmişə sevəcək, ömrünün axırına qədər sevəcək və gələcəkdə də iki aydan, ən çoxu üç aydan bir xəlvət görüşəcəklər və yenə də sevişəcəklər. Qızın iki uşağı olacaq, birincisi qız, ikincisi oğlan. Qız uşaq Maykldan olacaq, amma qız çalışıb hər şeyi edəcək ki, oğlan uşağı professordan olsun. Düzdür, bu uşağı da qız Mayklla bir yerdə böyüdəcəklər amma uşaq mütləq professorunku olacaq və Maykl bunu bilməyəcək, və bilsə də faktı qəbul edəcək, və lap qəbul etməsə də qız heç nə itirmir, çünki onun həyatında artıq professor var və həmişə də olacaq.
Bu gecənin elə səhəri günü professor qızı J.F.Kennedi hava limanından San-Fransiskoya yola salmışdı və hətta oturub təyyarənin havaya qalxmasını da gözləmişdi. Amma təyyarə havaya qalxıb gözdən itəndən sonra professor özünə qəti söz vermişdi ki, yarımüsəlman olmur, lap nə olur olsun, bir də heç vaxt başqa millətdən olan qızlara yaxın durmayacaq.
Və yenə də, üstündən heç bir il keçməmiş, professor bir qıza da rast gəlmiş di; bu qız, əlbəttə ki, yüz faiz azərbaycanlıydı, amma çox əllərdən keçib gəlib axırda professorun əlinə düşmüşdü. Bu qızla professor restoranlarda, kinolarda, gəzinitilərdə və bəzi başqa yerlərdə bir müddət yaxşı vaxt da keçirmişdi (o vaxt professor artıq pullanmışdı), amma bir gün, bir sərin yay günü, professor bu qızla küçədə gedərkən, birdən ayaq saxlamışdı və arxadan qızın açıq qollarına, uzun ağ boynuna, yumru qəşəng dalına baxmışdı, dabanından dalına qədər açıq olan ağappaq qıçlarına baxmışhdı (qız qısa şortik geyirdi və şortik o qədər qısaydı ki, nəinki qızın budlarını, heç dalını da düz-əməlli örtmürdü, üstəlik də, şortikin hər iki tərəfdən qıraqlarında iri yarıqlar vardı və bir balaca meh əsən kimi şortiki büküb yığırdı qızın qıçlarının arasına. Professorsa qıza heç vaxt demirdi ki, belə açıq-saçıq geyinməsin; ona görə yox ki, qızdan qorxub çəkinirdi, yox, əsla yox. Əvvəla, professor bu dünyada Allahdan başqa heç kimdən qorxmurdu; çəkinməyə də qalsa, öz kafedra müdirlərindən və bir də məqalələrini təqdim etdiyi jurnalların redaksiya heyətinin uzvlərindən bəlkə bir az çəkinəydi, yəni demek istədiyimiz odur ki, professorun bu qıza, -belə açıq-saçıq geyinmə, -deməməsinə səbəb qətiyyən qorxu deyildi. Səbəb əslində tam başqaydı. Məsələ burasında idi ki, professor insan haqlarının müdafiəçisi idi. Yəni həm öz vətəni Azərbaycanda, həm də beynəlxalq səviyyələrdə, harda haqqı kobud şəkildə pozulan, qanunsuz həbsə atılan adamlar haqda eşidirdisə, professor elə həmin günün axşamı keçirdi kompüterin arxasına və başlayırdı həm beynəlxalq insan haqları təşkilatlarına məktublar göndəriridi, onlara lazımi informasiyalar verirdi, həm də öz dost-tanışlarına, elmi cəmiyyətlərə xəbər göndərib öz yanından kompaniyaya başlayırdı. Və bu işdən professor o dərəcədə mənəvi zövq alırdı ki, artıq qəti qərara gəlmışdı ki, gələcəkdə bu işi özünün ikinci bir peşəsinə çevirəcək, yəni həm gedib universitetdə dərsini deyəcək, məqaləsini yazacaq, həm də bu tərəfdən bu işlə məşğul olacaq. Və belə olan halda professorun gələcəkdə arvadı olacaq bu qıza qısa şortik geyinib-geyinməmək haqda, yaxud o şortikin qıraqlarında yarıq qoyub-qoymamaq haqda göstəriş verməsi və bu yolla da onun azadlığını məhdudlaşdırması, əlbəttə ki, qeyri-mümkün idi) həə, həmin o sərin yay günü, professor arxadan qızın ağ boynuna, yumru qəşəng dalına, açıq qıçlarına baxmışdı, və nəyə göresə, hansısa dərin və izaholunmaz bir səbəbə görə, professor birdən öz anasını yadına salmışdı, böyrəkləri xəstə olan atasını yada salmışdı, ona uşaqlıqda həmişə yağ-qaymaq yedizdirən qoca nənəsini yada salmışdı və professor heç sağ ol da demədən dönüb getmişdi və sonra da qıza çox qısa-konkret, amma dərin fəlsəfi məzmunlu bir i-meyil göndərmişdi.
Qız da professorun belə xəbərsiz itməsindən və sonra da ona belə əndurumi bir məktub yazmasından təəccüblənib şoka düşmüşdü, amma tez də şokdan çıxmışdı, cəmisi uçcə ayın içərisində sapsarı bir amerikalı tapıb ona ərə getmişdi, öz yaşıl kard problemini də beləcə gəşəngcənə və rahatcana həll eləmişdi.
Bəli, danışdığımız bu maraqlı və bir az da ağlamalı sərgüzəştlərdən sonra professorun indi burda, bu stolun başında oturub stolun o başında öz qəşənq, sarışın arvadına baxıb sevinməməsi, əlbəttə, mümkün deyildi. Professor da bayaqdan arvadının Firanın fikirlərini təkzib etməsinə və sonra da Azərbaycan haqda geniş və özü də müsbət fikir formalaşdıran bir informasiya verib Iranı da bir az hətta təəccübləndirməsinə heyranlıqla və sevinclə tamaşa edirdi. Amma birdən professora elə gəldi ki, nəsə narahatdır və həm də bu narahatlıq nə səbəbə görəsə Nüsrətin qızı Narayla bağlıdır.
Nara bayaqdan anasının yanında əyləşib söhbətə qulaq asırdı və professor da bir gözünün ucu ilə olsa da hərdən Naraya baxırdı. Amma indi hər iki gözü ilə və özü də diqqətlə Naraya baxdı və istəyirdi başa düşə ki, onu narahat eləyən bu səbəb axı nədir?
Nara qəşəng idi, qəşəng gözləri, saçları vardı, əyninə cins şalvar və sinəsi açıq nazik kofta geymişdi və Naranın açıq, ağ sinəsinə və koftadan az qala pırtlayıb çıxacaq dolu məmələrinə professor, əlbəttə, diqqət etməyə bilməzdi. Üstəlik də kofta çox nazik, şalvar da dar olduğundan professor Naranın bütün vücudunu özü üçün çox asnalıqla təsəvvür eləyə bilərdi. Amma içkidən beyninin dumanlı vaxtı olsa da professora aydın idi ki, onu indi qıcıqlandırıb rahatsız eləyən şey qətiyyən Naranın belə qəşəngliyi, açıq sinəsi və yaxud dolu ağ məmələri deyil, çünki professoru narahat eləyən bu əcaib şey nəydisə heç bir kef, heç bir ləzzət vermirdi, eləcə narahatçılıq yaradırdı və həm də çox qəribə duyğular oyadırdı ki, o duyğuları indi təsvir edib çatdırmaq üçün gərək ən azından Azərbaycan Yazıçılar Birliyinin üzvü olasan.
Nara həm də bayaqdan bir kəlmə də olsa danışmamışdı, bir əli ilə saçlarını oynada-oynada və qəşəng gözlərini süzdürə-süzdürə anasına, Iraya və professorun arvadına qulaq asırdı və qulaq asırdı deyəndə ki, buna bəlkə də qulaq asmaq demək olmazdı, çunki Naranın üzünün-gözünün ifadəsi qətiyyən söhbətin məzmununa uyğun gəlmirdi. Professor da fikirləşdi ki, bunun iki səbəbi ola bilər: ya Nara rus dilində nəinki danışmır və hətta heç başa da düşmür, yada ki, Naranın fikri indi ayrı yerlərdədir, yəni Naranın üz-gözünün ifadəsinə daha çox uyğun gələn yerlərdə.
Amma bu da, aydın məsələdir ki, professoru narahat eləyən səbəb ola bilməzdi və ümumiyyətlə, professora rahatçılıq verməyən şey nə idisə, Naranın şəxsi keyfiyyətləri ilə əlaqəli deyildi, səbəb daha dərin və bəlkə də daha primitiv idi, yəni ki, bu Naranın bu otaqda sadəcə olaraq mövcudiyyəti ilə bağlı idi.
Belə maraqlı bir nəticəyə gələndən sonra, ani olaraq, professor bayaqdan ona əziyyət verən şeyin nə olduğunu başa duşdü və bunun dalınca da professorun birdən ağlına gəldi ki, bu məclisin keçən ilki məclislərdən daha başqa, yəni üçüncü bir fərqi də var.
Iş burasında idi ki, hər il ad gününə dəvət olunan təzə ailə, ər-arvad, uşaqsız olurdu və bunun da burdakı daimi qonaqlar üçün əhəmiyyəti çox böyük idi; həm Qriqori Vasilyeviçgil, həm Tobikgil, həm də professorla arvadı uşaqsız idilər.
Tobiklə Olya deyirdiler ki, heç vaxt uşaq istəməyiblər, istəyiblər ki, bütün ömürlərini gəzməklə, kef çəkməklə keçirtsinlər, amma hamı bilirdi ki, yalan deyirlər və Tobiklə Olyanın tez-tez dalaşmasına da səbəb elə Tobikin uşaqsız qalmasından doğan hiddət və qəzəbdir.
Qriqori Vasilyeviçlə Ira heç vaxt bu mövzuda danışmazdılar, amma onlar da, əlbəttə, bütün ömürləri boyu uşaq arzulamışdılar, çünki heç ola bilməzki, yəhudi olasan, özü də Qriqori Vasilyeviç və Ira kimi yaxşı adam olasan, amma uşaq istəməyəsən.
Professorla arvadı da uydurmuşdular ki, uşaq saxlamaq maddi cəhətdən çətindir, sağlamlıq sığortası bahadır, professorun vaxtı yoxdur, və sairə, və ilaxır, amma əsl səbəb bu idi ki, professorun kişilik maddəsində sperm sıxlığı çox aşağı idi və buna görə də arvadını hamilə eləyə bilmirdi. Və professor belə fikirləşirdi ki, Əliylə Nənsi hər il ona görə uşaqsız ailələr dəvət edirlər ki, yəni baxın, siz tək deyilsiz, sizin kimi olanlar çoxdur; yəni bir növ təskinlik üçün.
Və belə olan halda bu il birdən-birə Naranın burda olması professorun gözünə girirdi, və professoru incidən də o idi ki, demək Əligil daha fikir vermirlər ki, bu ad günlərinin daimi qonaqları olan bu əziz dostlar, üç ər-arvad, uşaqsızdırlar. Yəni Əligil artıq taleyin hökmü ilə barışıblar. Professorun qəlbini sıxıb incidən də demək bu imiş.
Bunu düşünə-düşünə professorun ağlına birdən bir fikir də gəldi və bu fikir də Narayla əlaqəliydi, amma bu fikir indi professoru sevindirirdi, bayaqkı bədbinliyi, incikliyi professorun başından qovub çıxardırdı. Iş burasındaydı ki, Naranın on beş-on altı, ən çoxu on yeddi yaşı olardı və əgər Nüsrətlə Fira Amerikaya iyirmi beş il bundan qabaq gəliblərsə, demək Nara onların evlənməsindən ən azı sekkiz-doqquz il sonra doğulub. Professorla arvadı isə cəmisi beş ildir evlidirlər. Deməli, Əlinin Nüsrəti dəvət etməkdə məqsədi professora ümid verməkdir, həm də məhz professora, çünki Tobiklə Qriqori Vasilyeviçin uşaq doğuzdurmaq vaxtları artıq keçib.
Professorun bu fikri də başqa birisinə qəribə görünə bilərdi, amma professor özü yüz faiz əmin idi ki, bu məhz belədir.
Əli professorun uşağının olmamasının əsl səbəbini bilirdi və Əlinin ürəyi yanırdı buna, Əli çox istəyirdi ki, professorun uşağı olsun və professor da hiss eləyirdi ki, Əli indi bunu da özünə bir dərd eləyib və Əli bəzən dərddən araq içəndə təkcə öz dərdinə içmir, bacısının dərdinə içmir, neçə il həsrətində olduğu vətəninin dərdinə içmir, Əli həm də professorun dərdinə içir və professor onu da bilirdi ki, bu dəqiqə bu dünyada onun dərdinə hamıdan çox yanan, yəni öz doğma ata-anasından da, qohum-əqrabalarından da, əvvəl Amerikada oxumuş, amma indi bir yapon qızına evlənib Yaponiyada yaşayan qardaşından da, on ildən artıqdır ki, Istambulda yaşayan və elə orda da islam dininin təsiri altına düşən və indi professoru ancaq ramazan və qurban bayramlarında yada salan əziz dostundan da, hamıdan, hamıdan çox yanan, professora indi bu adamların hamısından yaxın olan, simsar olan adam Əlidir və Əli hələ professorun uşağı olacağına ümidlərini itirməyib və deməli ümid var və əlbəttə ümid var, çünki, Allaha şükür, professorun hər şeyi yerli-yerində, arvadı da belə qəşəngdir, gözəl-göyçəkdir, bir az sperm sıxlığı aşağıdır, ancaq o da düzələr, professorun da uşağı olar və hər şey də yaxşı olar.
Beləcə xoş və ümidli düşüncələrdən professor bir də onda ayıldı ki, baxıb gördü Nüsrət yenə qədəhini doldurub və ayağa qalxıb ki, sağlıq desin, bütün məclis əhli də gözünü dikib Nüsrətə, onun sağlıq deməsini gözləyir.
- Mən istəyirəm bu badələri içək şəxsən Əlinin sağığına. Əli böyük şəxsiyyətdir, çünki Əli gözəl ailə başçısıdır. Bax, mən qızım Nərminəyə öz dilimizi öyrtətməmişəm, amma Əli öz mədəniyyətini, öz dilini özündən balasına ötürə bilib, bizim gözəl qızımız Laləyə ana dilimizi, gözəl türk dilini öyrədib və Laləni əsl türk ruhunda böyüdüb, indi Laləyə kim baxsa o dəqiqə deyər ki, əsl türkdur. Yəni Əli kökümüzə, soyumuza bağlı adamdır və Əlinin böyüklüyü də elə bundadır, çünki Əli bilir ki, biz böyük bir nəsildənik, biz Atillanın, Metenin, Mauqlinin nəsliyik, yəni bizim damarlarımızda Çingiz xanın, Atillanın, Teymurun qanı axır və həmin qan - tər-təmiz türk qanı - indi Əlinin də damarlarında axır və Əli bir türk oğlu türk kimi, Laləni de bir türk qızı türk kimi böyüdüb. Indi Lalənin də damarlarında tər-təmiz və qədim türk qanı axır. Yəni Əli öz ailəsini bir türk ailəsi kimi tərbiyə edir. Bununçün gəlin şəxsən Əlinin sağlığına içək.
Nüsrət bu sağlığı, əlbəttə, rusca dedi, sadəcə biz, Azərbaycanın ucqar kəndlərində də nağılımızı oxuyaralr deyin Nüsrətin sağlığını Azərbaycan dilində qələmə aldıq. Və məclis əhli də hamısı (bəlkə Naradan başqa) ruscanı gözəl başa düşürdü, amma di gəl heç kim Nüsrətin nə danışdığını anlaya bilmirdi. Tobik-Olya, Qriqori Vasilyeviç -Ira, Nənsi, Laloçka, Nara söhbətin ümumiyyətlə nədən getdiyindən xəbərləri yoxdu. Professorun arvadı və Fira isə təəccüblə Nüsrətə baxırdılar, çaşıb qalmışdılar və Əli də, gözləri kəlləsinə çıxmış, gah Nüsrətə baxırdı, gah professora baxırdı, gah çönub təzədən Nüsrətə baxırdı, bilmirdi neynəsin, nə desin.
Beləcə bir an məclisə sükut çökdü və birdən hamı əl çaldı, gurultulu alqış otağı başına götürdü.
Tobik yenə də ayağa durdu:
-Nüsrət, sənin sağlığuva, tı velikiy çelovek. Ya eto uje skazal, no eşyo raz qovoryu çto tı prosto velikiy çelovek. Sənin sağlığuva.
Olyanın da gözləri güldü, -za tebya, Nusratçik, -dedi, -za takoy krasivıy tost.
Ira da, -za Vas, Nusrat, -dedi və bunun dalınca da Qriqori Vasilyeviç ayağa qalxıb stulun üstünə çıxdı , -za vsex tyurkov mira, i osobenno, za Çingiz xanu, -deyib bərkdən qışqırdı .
Nənsi də, -oçen xoroşiy tost, Nusrat, sənk yu, -dedi.
Laloçka da əlindəki koka-kola doldurduğu plastik istəkanı qaldırıb, -Nüsrət dayı, sənin sağlamlağına, -dedi.
Fira da bütün məclis əhlinin Nüsrətə pərəstiş etdiyini görüb parıldayan və bəlkə də yaşarmış gözləri ilə Nüsrətə baxdı.
Nara da sevincindən atasına qısıldı, qəşəng-qəşəng gülümsədi.
Professorun arvadı da, -Nüsrət müəllimin sağlığına, -dedi, -doğrudan çox gözəl sağlıqdır. Və həm də Əlinin sağlığına.
Və professor da arvadının sözlərindən qızışıb ayağa durdu, əvvəl karıxdı , bilmədi nə desin, sonra necə oldusa, -sağlıq həmən sağlıqdır, -dedi, -hər il belə yeyək, içək, kef çəkək; gül olaq, bülbül olaq, amma qəfəsdə olmayaq.

* * *

Evə qayıdarkən professor yol boyu fikirləşirdi ki, bu Nüsrət axı iyirmi beş ildir, bir dəfə də olsun Bakıda olmayıb, azərbaycan dilində də güclə danışır, bu axı hardan bilir biz türkük, Meteni hardan tanıyır? Indiyəcən professor üçün sirr olaraq qalır.

Amerika Birləşmiş Ştatları
Mart-Aprel, 2004.