Alatoran_header  
Əsərlər > Azər Əhmədov > Ora oradır, bura da bura...

Bizim kafedranın futbol komandası var, başqa kafedralarla birgə ildə iki dəfə, payiz və yaz semesterləri ərzində keçirilən futbol yarişlarinda iştirak edirik. Və mən 3 il bundan qabaq o komandanın kapitanıydım.

Mən kapitan olduğum dövrə qədər komandamız həmişə sonuncu yerlərdən birini tuturdu, amma mən kapitanlığa başlayanda qərara aldım ki, gərək oyunçularda nizam-intizam hissini artıraq, məşqləri yaxşı təşkil edək, və sairə, və ilaxır; və başladım girişdim işə. Bütün yayı məşq elədik. Həftədə iki dəfə yığışıb o ki var futbol oynadıq. Və payızda, hamı yüksək əhval-ruhiyyədə, yarışlara başladıq. Düz yarımfinala qədər getdik, yarımfinlada uduzduq ve üçüncü yeri tutduq. 16 komanda içərisində 3-cü yer! Özü də illər boyu axırıncı yerləri tutan bir komanda!...

Və novbəti semester mən qərara aldım ki, kapitanlıqdan imtina edim, kapitanlığı da verim başqa adama. Təsəvvür edirsiz?! Mənim həyatda heç bir vəzifəm olmayıb, bircə bu kapitanlıq idi, və bu kapitanlıq da sizə zarafat gəlməsin, bu boyda universitetin bu boyda kafedrasının futbol komandasının kapitanı olasan, əlinin altında da on beş-on altı futbolçu, bütün qəraralar əlində, -sən müdafiəçi olacaqsan, sən qapıda duracaqsan, sən hücumda oyna, sən əvəzedici heyətdəsən və s. Hamı da itaətlə sözünə əməl edir, nə deyirsən eləyir. Balaca şey deyil! Amma mən o vəzifədən xoşluqla imtina elədim, heç kim də demədi ki, sən kapitanlıqdan getməlisən, hamı bilirdi ki, cox yaxşı da kapitanam, nöşün ki, can qoyuram komandanın yolunda. Amma özüm getdim, qərarımı da yoldaşlarıma dedim, və heç kim də zərrə qədər təəccublənmədi, hamı sakit, dinməz-soyləməz; balaca bir yığıncaq da keçirdik, məsləhətləşdik və başqa birisini kapitan seçdik. Və həmin ənənə indiyə qədər davam edir, hər semester təzə bir adam kapitan seçilir; kimin vaxtı, həvəsi varsa kapitan olur, semester ərzində də məşqləri O təşkil edir, yığıncaqlara O gedir, oyun günləri meydança, vaxt, forma məsələrini O həll eləyir. Və komandamız da o vaxtdan indiyəcən 4-cu yerdən aşağı düşməyib.

Bizim kafedrada hər 3 ildən bir kafedra müdiri seçkiləri də keçirilir, və buna seçki demək də olmaz, çünki kafedramızda on beş professor var, amma kafedra müdirinin əlindəki səlahiyyətlərə və artıq verilən maaşa baxmayaraq bu professorlardan heç biri müdir olmaq istəmir, nöşün ki, hamısının isi-gucu var. Bizdə bir soz var e, deyirlər, filnakəs yaradıcı adamdir, eşitmisiz? Hə, bax, bizim kafedranin professorları da yaradıcı adamlardırlar. Və yaradıcı adam da yaradıcılıqla məşğul olur axı. Hardadır yaradıcı adamda vaxt və həvəs ki, iş-güclərini atıb gəlib kafedra müdiri olalar? Amma neyləyəsən, kimsə müdir olmalıdır ya yox? Onunçün hər 3 ildən bir zorla bir adamı müdir seçirlər, və bu adam da məcburdur 3 il ərzində kafedraya müdirlik eləsin, əlacı nədir? Bu dəfə növbə ona düşüb, məcburdur müdirliyini eləsin.

Amma deyim ki, bəzi professorlar tərbiyəsizlik edirlər, 2 ildən, hətta bəzən 1 ildən sonra bəhanə gətirirlər ki, bacarmırlar, yaxud sağlamlıqları icazə vermir (sağlamlıq ee! adə, vəzifənin sağlamlığa nə dəxli, ay zalım? -Məmmədvəli), və beləcə, qırmızılıqlarına salıb vəzifədən imtina edirlər.

Sizə hələ bir şey deyim, bir professor bir dəfə əməlli-başlı ayağını dirədi. Buna dedilər ki, a balam, cavan adamsan, heç bir vəzifə də tutmamısan indiyə qədər, indi bu müdirlik nə böyük iş olub ki, 3-cə il bu işi üstünə götürmək istəmirsən? Yox ki, yox. Bilirsiz nə oldu? Universitetin rəhbərliyi nə təəri acıqlandisa, götürüb bunu bütün universitetin elm və incəsənət şöbəsinə müdir seçdilər. Yazıq, nələr çəkdi o işdə, bir allah bilir.

Bunları yazıram və yadima düşür bizim Qanqallı kəndi. Orda da kolxoz sədri, mədəniyyət klubu direktoru, məktəb direktoru kimi vəzifələr vardi. Və bu vəzifələrə də, 3 il desəm yalan olar, 4-5 ildən bir seçkifason bir şey keçirilirdi. Və bu seçkilərdə bir dava-mərəkə qalxırdı, bir vur-çatdasın qopurdu, gəl gorəsən. Çox vaxt da seçilən elə əvvəlki sədir (ya da direktor) olurdu. Hər gələn dəfə də bir qrup adam yığışırdı ki, bu sədri (direktoru) yıxsın, alınmırdı, nöşün ki, camaatın gözü öyrəşmişdi, hamının xoşuna gəlirdi ki, elə eyni adam sedir olsun, hamı da işin bilsin. Hətta rayonumuzun mərkəzində çıxan "Ferma" qəzetində də hərdən bizim bu Qanqallı kəndinin adamlarından yazılar gedirdi, hamı da fəxr eləyirdi ki, məsəlçün, Ağasadıq 17 ildir mədəniyyət klubunun müdiri işləyir, və yaxud da rəhmətlik Xuduyev 34 il kolxozun sədri olub. Allah rəhmət eləsin Xuduyevə, yaxşı kişiydi.

Deyirəm, işə bax ee, niyə hər şey belə tərs düsüb? Axı onlar da adamdır, bunlar da.
Amma sonra fikirləşirəm ki, əşşi, bəs nə təəri olmalıdır, ora Qanqallıdır, bura da buradır, ayrı nə cur olasıdır ki?

Bizim futbol komandamız bu semester çempion oldu.

Amerika Birləşmiş Ştatları
May 2004.