Alatoran_header  
Əsərlər > Azər Əhmədov > Cəncəli balası

Məktəb yoldaşım Qabilin əziz xatirəsinə.
Qabil hər gün qatar stansiyasına gedərmiş ki, qatara minib evə, Bakıya getsin, hər dəfə də geri dönərmiş. Bir gün özünü qatarın altına atıb həlak edir. Bir oğlu qalır.
Seymur, xəbər məni üzdü, dünən gecə. Gördüm boğuluram, telefonu götürüb Anara, İlqara, Asəfə, Qabilin nömrəsinə zəng etdim, istədim kiməsə bir söz deyəm, ürəyimi bosaldam, tərs kimi heç kim cavab vermədi. Bu sözləri də birnəfəsə yazdım.

Gəncəli balası,
yorğun gözlərində kədər
bir də möhkəm əllərinin soyuqluğu -
səkkiz il öncənin xatirəsi

Qulağımda səsin, sevincin
Bir uşaq adı - Marat
qurban olum sənə
indi əlimdə qalan bu
bir də bir telefon nömrəsi

-Alo, bu nerəsi
burda bir qərib vardı
bir uçaqla gəlmişdi
bir qatara minib dönəcəkdi
indi o qatarın dalınca
bir oğlan uşağı baxır
soyuqda, küləkdə, dodağı qançır
hələ çox baxası
ancaq o qatara minəməz
bağlanıb üzünə qapısı, pəncərəsi.

Səndən sonrası,
vəfasız dostların
hara getsələr
vicdanlarında
bir küncə qısılıb büzüşmüş
qara paltarlı bir qadının
xısıntıları, naləsi
bir də illərin sənsizliyi, üzüntüləri
təsəllisiz dünya...
hələ bu harası,
Gəncəli balası.

*
Bir zamanlar
Xəzərin sahilində dayanıb
gündoğana baxdıqca
üfüqə qədər uzanan suların
o üzündə
Türkmənistan deyil
Amerika olduğunu
düşünürdüm neyçünsə

Indi yuxularımda
özümü yenə də
Xəzərin sahilində görüncə
hövlank oyandığım olur
boynuma alıram

Hərdən də şirin xatirələrin
və xoş ümidlərin qucağında
Bakıya qayıdıram
günbatandan sonra

Düşüncəmdəki
"Bakıya gedirəm, ay aman
Bakı Əsli, mən Kərəm"dən
çox fərqli bir şey
Istəmirəm dönüşümün
fərqində olasız
nə siz, nə də polis
Gəzməkdən doymuram
qaranlıq, kimsəsiz küçələri
bu kuçələrdə
nə vaxtsa qız dalına düşməyim
indi istisiz, nəfəssiz
donuq bir xatirə
amma səhərin açılacağını düşününcə
canım sıxılır
insanlar heyyy, nerdəsiniz
çığırıram birdən
nerdəsiniz dostlar
məni unutdunuzmuə
Mən
adam adına qoyulmuş parklarda
ceviz ağacı ola bilmirəm.