Alatoran_header  
Əsərlər > Azər Əhmədov > Əclaf

Əclaf olduğumu bilirdim.

Bir gün riyaziyyat muəlliməmiz
səhərin gözü açılmamış
elə birinci dərs
arxa cərgədə oturan
uşaqlardan birni
lövhəyə çağırıb
möhkəmcə şillələdikdən sonra
necə əsəbləşmişdisə
gecə pis yatdığındanmı
ya nəysə
sən siqaret çəkirsən deyib
bir az da möhkəm şillələmişdi onu
və uşağın and-aman eləməsinə
daha da əsəbləşib
onu yenə şillələdikdən sonra
məni
sinfin ən yaxşı oxuyanını
lövhəyə çağırıb
gəl bunu iylə demişdi.
Mən də
35 nəfərin gözu qarşısında
yalandan
bəli, siqaret iyidir
deyib
sonra da uşağın
iri göz yaşları
yanağından süzülə-süzələ
acı-acı ağlamasına baxıb
özümün heç vaxt belə təmiz ürəklə
ağlamağı bacarmayacağımı
anladığım an
urəyimə dammışdı ki
əclafam.

Bir dəfə də
adına Gordubaba deyilən
bir dağın ətəklərində
özümdən də ağılsız kənd uşaqlarını
qısqırdıb salmışdım
bir tısbağanın üstünə.
Əlimizə keçən
iri-iri daşları, qayaları
var gücümüzlə
tısbağanın çanağına çırpıb
ləzzət alarkən
tısbağanın
al qan içində
allahından imdad diləməsini
uşaqlardan biri
nə cürsə eşidib
yazıqdır
qoyun çıxıb getsin
demişdi
və üstündən on gün keçəndə sonra
mən həmin yerdəcə
sınıq, içiboş tısbağa çanağı görüb
köks ötürmüşdüm.

Üstündən on il keçəndən sonra
həmin o özümdən də ağılsız
kənd uşaqları
tısbağaya atdıqlarından
çox-çox kiçik daşları
nifrətlə əllərinə sıxıb
elə həmin Gordubaba dağının
dalında gizlənə-gizlənə
ermənilərin kəndimizi
yandırmalarına baxdıqları vaxt
mən vağzalda
atamın xalasıoğlu
türemşik Ibrahamin
camaatı vuruşmağa çağırmasına
qulaq asandan sonra
evə qayıdıb
özümü çarpayıya atıb
burnumda bir ay qabaq
Istambulda
iki həftə qaldığım
beşulduz otelin
yorğan-döşəyinin iyi
üzüstə baş qoyduğum
yastığı da
beşulduz otel qızlarının
yumşaq dalları bilib
yatmışdım.

Tanrım!
səndən də gizli saxladığım
günahlarımın hamısını
burda yazmasam da
bir-bir açıb
sənə deyirəm indi
qalsın aramızda
bağışla mənə günahlarımı
bir o tısbağanın
qanına qıyıb
keçmə təqsirimdən
nə cəzam var, ver
amma öldürmə
əclaf olsam da
hamı kimi mən də
yaşamaq istəyirəm
yaşamaq istəyirəm