Alatoran_header  
Əsərlər > Azər Əhmədov > Vəsiyyət

Bir gün mən də
bu dünyadan gedər olsam
yaxalasa qəfil
ölüm xəbərim sizi bir gün
əzizlərim!
aranızda kövrəyi varsa
kimisə qucaqlayıb
ya bir ağaca, divara söykənib
hıçqırıb ağlamaq istəsəniz
tək və son ricam:
baxən
yan-yörənizdə bir gözəl şey
axtarıb tapmağa çalışın
qulaq verin bir yarpaq xışıltısına
ya bir quş civiltisinə
bir şey eşitməsəz
başınızı qaldırıb
günəşə baxın
hava tutqun deyilsə
və düşünün ki,
həmin o bircə an
mən də sizinlə ordayam.

Dəfnimə gəlmənizi
heç istəməm
quru tabutumu
torpağa tapşırmağa
qonşuda üç-beş nəfərin
tapılacağından əminəm.

Baksovet tərəfə yaxın olsanız
gedin "Akademkniq"ə
şöbələri gəzə-gəzə
kitablara baxın
heç almayın da
sonra ora yaxın
Sovet vaxtından qalma
ucuz bir kafe var
indi durursa
orda bir şey alıb yeyərsiz
sonra da Fontanlar parkında
gəzərsiz.

Əgər gedib ziyarət edim deməyə
qəbrim də olmasa
(zatən çox istəyirəm bunu)
məsələn, təyyarə qəzasında
həlak olsam
vağzala yaxın
çoxmətəbəli bir xəstəxana var
mən orda doğulmuşam
gedin ora
unudub kədəri, qəmi
baxın o binanın pəncərələrinə.
Insanın qəbrindənsə
doğulduğu yeri ziyarət etmək
daha gözəl bir şey, deyilmiə

Xaricdə olsanız
məsələn, Istanbulda eşitsəz ki
sizə əlvida demişəm
(bir nəfərin bundan çox yanacağını
bilirəm)
qafanızı yormayın heç
gedin Gülhanə parkına
bir skamyada oturub
Nazim Hikmətin şerlərini oxuyun
görün nə yazır
həyatdan
yaşamaqdan
ölüm qorxusundan
və ölümdən qorxmamaqdan.

Qızımı görsəniz küçədə əgər
baxmayın ki, boynubükük
məlul dayanıb
yaxınlaşıb salam verin
danışın ona məndən bol-bol
şahmatda vəzir qambitini
çox sevdiyimdən
alman və italyan dillərini
yarımçıq bilməyimdən
hər gün başım ağrısa da
bir fincan qəhvə içməyimdən
lövhədə yazarkən
bir əlimi həmişə
cibimə salmağımdan
danışın ona
hətta bunları ilk dəfə
bu şerdən oxuduğunuzun
fərqinə vardırmadan

Bir də (yenə) son xahişim -
ertəsi gün
yuxudan oyananda
məni yenə düşünəcəksizsə
əyilib pəncərədən
qəribə də olsa
mənsiz doğan günəşə
salam deyin məndən.
Sonra unudun məni
gedin işinizə-gücünüzə
qoy Bakının küləyi
dağıtsın qəmi-qüssəni.

Bax belə, əzizlərim, bax belə
gülə-gülə...