Alatoran_header  
Əsərlər > Azər Əhmədov > Küçələrə su səpmişəm (esse)

Mən hazırda Universitet küçəsində yaşayıram. Çox kiçik, yarımçevrə formasında bir küçədir və yarımçevrənin hər iki ucu Qarağac küçəsinə çıxır. Hər gün bu Qarağac küçəsilə piyada işə gedirəm. Əvvəl Park kuçəsini keçib Geniş Yol meydanına çıxıram, sonra Qarağacla York küçələrinin kesişməsinə çatıram. Burada yolum haçalanır: ya sola dönub York kuçəsi ilə yoluma davam edə bilərəm və Divar kuçəsinə çatanda sağa dönub Kollec küçəsinə qədər gedərəm və burada yenə də sola dönüb Kollec küçəsinin Prospekt küçəsinə qovuşduğu yerə çataram. Kafedramızın yerləşdiyi Təpə Evi küçəsi bu nöqtədən cəmisi 15-20 metr aralıdır. Bu həmin Təpə Evi küçəsidir ki, vaxtilə Mark Tven onu Amərikanın ən gözəl küçəsi adlandırmışdır. İndi çoxlu tikililər yaranıb burada, onunçün ağacların çoxunu qırıblar, amma yenə də o gözəlliyin nişanələri qalmaqdadır… İkinci seçimdə isə Qarağac küçəsi ilə davam edirəm, Yüksəklik küçəsini keçib Məbəd küçəsinə çatıram. Sonra sola dönub Məbədlə iki blok getdikdən sonra yenə də dönub Təpə Evinə çıxıram.
İkinci varianta daha çox üstünlük vərirəm, uzaq olsa da yol şəhərin lap mərkəzindən keçir: Qarağacla Məbədin kəsişməsində göz oxşayan və yaşıl olduğu üçün də elə Yaşıl adlanan bir meydan yerləşir. New Havən (Yeni Sığınacaq) böyük şəhər deyil və əsl şəhər həyatına məxsus qaynarlıq elə ən çox bu Yaşılın ətrafında duyulur. Çeşidli banklar, restoranlar, dükanlar, Dovlət Binası, İctimai Kitabxana və s. yerləşir burda. Yaşıl dörd bir tərəfdən Qarağac, Kilsə, Kiçik Kilsə və Kollec küçələriylə əhatələnib. Tarixi Kiçik Kilsə küçəsi şəhərin bəlkə ən cazibədar guşəsidir. Burda təkcə kilsə yox, həm də incəsənət muzeyi, teatr binası, kitab dükanı, gözəl kafelər var. Kiçik Kilsədə və ona paralel Tac küçələrində İtalyan, İspan, Çin, Türk, Ərəb, Tay, Hind, Yapon restoranları taparsız, həyat həmişə qaynar olur burda. Kilsə küçəsinə paralel isə, bir blok cənuba, Portağal küçəsidir, ondan da bir blok aşağı düşsəz Dovlət küçəsinə çıxarsız ki, Dovlət kuçəsinin də sonunda, Birlik küçəsinə çatdığı yərdə, şəhərin dəmiryol vağzalı yərləşib.
Küçələrin adlarına diqqət ədirsizmi!?

Bakıda da piyada gəzməyi çox səvirdim; tez-tez universitetdən çıxıb Sovetski ilə üzüaşağı düşərək düz vağzala qədər piyada gedirdim. İndi oturub keçdiyim o küçələrin adlarını xatırlamağa çalışıram, nə illah eləyirəm, yadıma düşmür. Narahat oluram, yaddaşım beləmi korlanıb? Amma o küçələrdə az qala nə vardısa, binalar, qəzet köşkləri, hətta ağaclar bələ yadımdadır axı, tək bircə addan başqa. Bilirəm ki, kiminsə adınaydı; Həsən Hüseynov küçəsi, yaxud Əliməmməd Gülməmmədov küçəsi, ya da başqa bir ad. Nə fərqi varmış ki, yəqin o adlar mənə həç o vaxt da bir söz dəmirmişlər, əziz deyilmişlər mənimçün, yoxsa unutmazdım…

Bir dostum Belçikadan Amerikaya koçürdü, teləfonda, -yəqin çox istəyirsən bura gəlməyi, hər an çıxmağa hazırsan, - soruşdum. Yox,- dedi, nə danışırsan, mən küçələrə və ağaclara əlvida deməmiş necə tərk edə bilərəm buranı?

Bakıda az qala hər adamın adına bir küçə var. Adam var, atasının da, anasının da adına küçə qoydurtdurub və yəqin ozü üçün də hansısa küçəni gozaltı ələyib; həmişə o küçədən kəçəndə dodaqları xəlvət pıçıldayır: "əla küçədir, qoyaydılar mənim adıma…""
Yadımdadır, 80-ci illərin sonlarında, bir yubiley gəcəsində, yubilyar (xalq artisti) gileylənirdi ki, niyə onun adına elə sağlığındaca küçə qoymurlar ki, bu da ailəsini yığsın, getsin gəzsinlər o küçədə, camaatı başına yığıb sohbət eləsin, xidmətlərindən danışsın. Desin ki, baxın haa, zibilləməyin küçəmi. Hamı əl çaldı xalq artistinin bu gözəl fikrinə.
Ərinməyib bir küçə komissiyası da yaratmışdılar o vaxt, dişlərini qıcıyıb düşmüşdülər yazıq, fağır küçələrin canına. Ağacın, otun, quşun, çiçəyin adına qoyulası küçələri pay-püşk ələyirdilər günahkar Allah bəndələrinə. Millət tutulmuşdu küçə xəstəliyinə. Və bu o vaxtlar idi ki, ermənilər Qarabağa silah daşıyırdılar…
Olmazmı ki, biz hər səhər Sevinc, Ümid, İnam küçələri ilə işə gədəydik? Yaxud gənc qızlarımız istədikləri oğlanlara Səvgililər, Xoşbəxtlik, Sədaqət küçələrində görüş verəydilər? Pis olardımı Bakıda Savalan, Borçalı, Dərbənd, Göyçə küçələri olsaydı? Niyə poçtumuz Poçt küçəsində, universitetimiz Universitet küçəsində, bazarımız Bazar küçəsində yərləşməsin? Fərqindəyikmi ki, bu küçələrdə bizim gün-güzəranamız, həyatımız keçir, hər gün yuz minlərlə insan işə, məktəbə, istirahətə gedir, evə dönür bu küçələrlə. Kimsə öz gələcək ərini, arvadını ilk dəfə bu küçələrin birində görub, ilk baxışdan vurulub. Kimlərsə bu küçələrin hansındasa nə zamansa küsüşüblər, bir-birlərindən ömürlük ayrı düşüblər. Kimsə uzaq keçmişdə qalmış sevgilisini yenə də bu küçələrin birində görüb, əvvəl tanımayıb, sonra istəyib əlindən öpə səvgilisinin. Nə qədər insanlar, talelər, xatirələr bağlıdır bu küçələrə. Fərqindəyikmi?
Olmazmı ki, hər bir insan dünyasını dəyişəndə onun xatirəsini doğmaları, əzizləri, onu tanıyanlar, sevənlər yaşatsınlar, yaşada bildikləri qədər, bundan sonra da yaşayıb-yaşamamasını isə buraxaq Tanrının öhdəsinə. Və Tanrının işlərinə qarışmayaq bir də.

İyul, 2004. New Haven