Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 1

İnsanın doğulması, əzab çəkməsi, ölməsi
və əriyən qarın ətri...


Məhəbbət nədir?
Həyat nədir?
Ölüm nədir?
Bilirsənmi?
Onda qulaq as...

Gözlərini yum və böyük, işıqlı, təravət qoxulu bir otağı təsəvvür et. Otağın pəncərələri taybatay açıqdır, dünyanın səs və qoxuları həmin pəncərələrdən içəri dolur.
Quşların cəhcəhi, ilk bahar yarpaqlarının xışıltısı, əriyən qarın ətri, yuxudan yenicə ayılan şəhərin ürkək səsləri...
Daha nə? Təsəvvür et, xəyalını işə sal.
Otağın düz ortasında da dünyanın ən kamil ustalarının hazırladığı büllur kuzə var. Kuzə göz yaşı tək saf və şəffaf olan dağ büllurundan düzəlib.
Təkmil bir nəsnə...
Bu kuzə dünyanın ən məşhur muzeyinin bəzəyi olardı. Amma onun yeri muzeydə yox, burada, məhz bu otaqdadır.
Otaqdakı kuzədə dağ bulaqlarından gətirilmiş dumduru su var.
Su səma kimi soyuq və səhər mehi tək şəffafdır.
Pəncərələrdən otağa düşən Günəş seli küzəyə dəyib çiliklənir, divarlara minlərcə işıq damlası tək hopur.
Ən başlıcası... Kuzədəki suyun içində bir dəstə gül var.
Qızılgüllər.
Hər biri əsrarəngiz gözəllikdə.
Hər birinin də öz rəngi, ətri və duyğusu var.
Bir yerdə vahidlik yaratsalar da.
Ətir və rəng simfoniyası otağı doldurur, sonra da pəncərələrdən dünyaya çıxır.
Şeh damlaları qızılgül ləçəklərində bərk vurur. Güllərin yarpaqları da təzə-tərdi.
Otağa girən az adam olar ki, bunca gözəlliyi görüb başı heyrət etməsin...
Vəssəlam...
Rəsm çəkildi, hazırdır artıq.
Nəqli burada başa vurmaq da olardı.
Amma...
Çox vaxt hər söhbətin bir davamı olur.
Zaman yerində durmur. Gün keçir. Bir gün, iki, üç.. Bəzən az, bəzən çox. Hərədə bir cürdür. Di gəl hər şeyə rəğmən bu nə vaxtsa baş verir.
Və əgər sən o qızılgüllərə baxsan, görüntünün dəyişdiyini sezəcəksən.
Cəmi 2-3 gün öncə Günəşə doğru məğrurcasına uzanan qönçələr indi başlarını aşağı əyib. Yarpaqlar təravətini itirib, şeh damlaları quruyub və bomboz ləkələrə çevrilib.
Bir vaxt təmiz və saf olmuş su saralıb, pis iy alıb.
Hələ iy...
Qızılgüllərin ətri güclə hiss olunan bostan qoxusu verir.
Quru və tikanlı.
Vaxt ötür.
Kiminsə amansız əli kuzədəki qurumuş gülləri zibilliyə atır.
Söhbətə burada son vermək olardı.
Di gəl...
Bəs həyatda necə?
Ortasında kuzə olan otaq qalıb. Suyu tökmək, kuzəni də tərtəmiz yumaq olar. Ən yaxşısı sabunla.
Sonra... Sonra isə kuzəyə dağ bulaqlarından gətirilmiş saf su tökmək, suya da başqa güllər qoymaq olar.
Lalə, bənövşə, nərgiz... Kimin nədən xoşu gəlir.
Bax, söhbətə indi nöqtə qoymaq olar.
P.S. Adamlar danışırlar. Bilmirəm, inanım, ya yox - amma deyilənlərə görə, bu kuzəyə qoyulmuş çiçəklər çox nadir hallarda uzun zaman təravətini saxlayır.
Aylar, illər, qərinələr, hətta ömür boyu. Zamanın onlara hakimlik etmədiyini söyləsəm, yalan deyərəm. Əlbəttə ki, o çiçəklər dəyişir. Ləçəkləri də quruyub ovxalanır, kuzədəki su da dağılır, kuzənin özü də sınır.
Amma onlar yenə də yaşayır.
Fəqət...
Ola bilsin ki, eşitdiklərim, adamların dedikləri sadəcə, xoş nağıl.